
80 səslə, yekdilliklə – parlament siyasi partiyaların qadağan olunması ilə bağlı qanunvericilik dəyişiklikləri paketini təsdiqləyib.
Aktual.ge xəbər verir ki, “Vətəndaşların siyasi birləşmələri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara nəzərdə tutulan dəyişikliklər bu gün üçüncü oxunuşda Parlamentin çoxluğu tərəfindən qəbul edilib.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi artıq qadağan olunmuş partiyanın bəyan olunmuş məqsədini, fəaliyyət mahiyyətini və şəxsi tərkibini təkrarlayan partiyanı qadağan edə bilər.
Həmçinin, parlamentə ilkin təqdim olunan layihəyə əsasən, partiyanın konstitusiyaya uyğunluğu ilə bağlı iddia üzrə qərar iddia təqdim olunduqdan sonra 9 ay ərzində verilməli idi, seçki dövründə isə bu müddət 14 günə endirilirdi.
Müzakirə prosesində bu müddət dəqiqləşdirildi – qanun layihəsinin yekun redaksiyasına əsasən, həm seçki dövründə, həm də seçkidənkənar dövrdə Konstitusiya Məhkəməsi qərarı 14 gün ərzində verməlidir.