2026-cı il Qlobal Aclıq İndeksinə (GHI) əsasən, Gürcüstan aclıq səviyyəsinin ən aşağı olduğu 24 ölkə arasında yer alıb.
Aktual.ge xəbər verir ki, bu barədə indeksin rəsmi saytında məlumat dərc olunub.
Reytinqdə ölkələr 0-dan 100-ə qədər balla qiymətləndirilir. Göstəricilər “aşağı”, “orta”, “ciddi” və “həyəcanverici” kateqoriyalarına bölünür. Sıfır bal aclığın olmadığını, 100 bal isə ən yüksək aclıq səviyyəsini ifadə edir.
Gürcüstanın göstəricisi 5 baldan aşağıdır. Ölkə 2018-ci ildən bu göstəricini qoruyub saxlayır. 2012–2018-ci illərdə Gürcüstan 7,1 bal, 2006–2012-ci illərdə isə 9,2 bal toplayıb. 2000–2006-cı illərdə ölkənin göstəricisi 11,7 bal olub və bu, “orta aclıq səviyyəsi” kateqoriyasına uyğun gəlib.
İndeks dörd əsas göstərici əsasında hesablanır: yetərsiz qidalanan əhalinin payı, 5 yaşadək uşaqlarda kəskin qidalanma çatışmazlığı, uşaqlarda inkişafdan qalma və uşaq ölümü. Gürcüstanda bu göstəricilər müvafiq olaraq 2,5 faizdən az, 0,6 faiz, 4,7 faiz və 0,9 faiz təşkil edir.
Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə də aşağı aclıq səviyyəsinə malik ölkələr sırasındadır. Azərbaycanın göstəricisi 5,5 baldır. Ukraynanın göstəricisi isə 11,6 bala yüksəlib və ölkə “orta aclıq səviyyəsi” kateqoriyasında qərarlaşıb.
2026-cı il hesabatında ən yüksək aclıq göstəriciləri Somali (47 bal), Konqo Demokratik Respublikası (39,5 bal) və Çadda (38 bal) qeydə alınıb. Hesabat çərçivəsində ümumilikdə 122 ölkənin məlumatları qiymətləndirilib.