“Aktual Media Məktəb”in media savadlılığı kurslarının IV mərhələsinə start verilib - FOTO
25.10.2026 22:27
230
Siyasət
A
“Aktual Media Məktəb”in media savadlılığı kurslarının IV mərhələsinə start verilib - FOTO

24 oktyabr tarixində QHT “Aktual Media”nın nəzdində fəaliyyət göstərən “Aktual Media Məktəb”in media savadlılığı kurslarının IV mərhələsinə start verilib.

Aktual.ge xəbər verir ki, Kvemo Kartli və Kaxeti bölgələrindən olan 30 gəncin iştirak etdiyi kursların ilk təlimləri media savadlılığı, nitq bacarıqlarının inkişafı və jurnalistikanın nəzəri əsaslarını əhatə edib. Təlimlər iştirakçıların bilik və bacarıqlarının artırılmasına, eləcə də onların peşəkar inkişafına yönəlib.

Kurslar paytaxt Tbilisidə yerləşən “İbis Old Tbilisi” otelinin konfrans zalında keçirilir.

Təlimlərin başlaması ilə əlaqədar "Aktual Media"nın təsisçisi və Baş direktoru İlkin Hüseynov kursların nəzəri hissəsi üzrə təlimçi AzTV telekanalının Gürcüstandakı xüsusi müxbiri Ruslan Həsənovdu gənclərə təqdim edib və uğurlar arzulayıb.

Qeyd edək ki, “Aktual Media”nın “Aktual Media Məktəb” adı altında təşkil etdiyi jurnalistika kursu ümumilikdə 24 təlimdən ibarətdir. Onlardan 18-i nəzəri, 6-sı isə praktiki məşğələlərdir.

Üç ay davam edəcək kurs çərçivəsində iştirakçılar xəbərlərin yazılması, məqalə yazı üslubları, reportajların hazırlanması, müsahibəalma texnikası və praktikası, onlayn media və sosial şəbəkələrlə iş, süni intellektin jurnalistikada tətbiqi, xəbərlərin obyektivliyi və jurnalistikanın etik qaydaları barədə biliklər əldə edəcəklər. Bununla yanaşı, gənclərin səlis danışıq, fikirlərini aydın və qüsursuz ifadə etmək bacarıqlarının inkişafına və digər aktual mövzulara da diqqət yetiriləcək.

“Aktual Media Məktəb”in media savadlılığı kurslarının IV mərhələsinə başlamasına Azərbaycanın Gürcüstandakı səfirliyi, xeyriyyəçi iş adamları Nazir Musayev və Vüqar Məmişov dəstək göstərib.

ŞƏRH YAZ
3