Türkiyə Cümhuriyyəti 103 yaşında: Müstəqilliyə aparan tarixi yol
29.10.2026 11:29
73
Dünya
A
Türkiyə Cümhuriyyəti 103 yaşında: Müstəqilliyə aparan tarixi yol

Bu gün Türkiyə Respublikasının elan edilməsinin 103-cü ildönümüdür. Məhz 1923-ci ilin bu günündə qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqı dünyanın imperialist qüvvələrinin onun ayağına vurmaq istədiyi zəncirləri canı və qanı bahasına qırıb ataraq şanlı tarixinin cümhuriyyət səhifəsini açdı.

Aktual.ge xatırladır ki, Osmanlı İmperiyasında ikinci Məşrutiyyətin elanından altı il sonra Birinci Dünya Müharibəsi başladı.

1914-cü ildə başlayan savaşa dünyanın ən güclü dövlətləri qatıldı. Osmanlı İmperiyası Almaniya ilə müttəfiq olmağa məcbur qaldı. Dörd il davam edən müharibə sonunda Osmanlı İmperiyası və müttəfiqləri məğlub oldu. 30 oktyabr 1918-ci il tarixində imzalanan Mudros atəşkəs sazişi ilə Osmanlı Birinci Dünya Müharibəsindən çıxdı.

Nəticə etibarilə bu atəşkəs boğazlar, dəmir yolları və limanların qalib dövlətlərin nəzarətinə verilməsinə, ölkənin faktiki işğalına gətirib çıxardı. Ölkə Yunanıstan, Fransa və İtaliya arasında işğal bölgələrinə bölündü. Parisdə baş tutan Sülh Konfransı zamanı - 10 avqust 1920-ci ildə İstanbul hökuməti, Fransa, İtaliya, İngiltərə və Yaponiya arasında Sevr Sazişi imzalandı. Bu yalnız bir anlaşma deyildi, eyni zamanda Osmanlı torpaqlarının sonsuza qədər bölünməsi qərarı idi. Amma içində olduğu bütün çətinliklərə baxmayaraq xalq bu müstəmləkəçiliyi qəbul etmədi, təslim olmadı.

Xalqa arxalanan, qüvvətini ondan alan Mustafa Kamal Paşa silah yoldaşlarıyla birlikdə 19 may 1919-cu ildə Samsuna gəldi. Ərzurum və Sivasda gələcək üçün çox mühüm qərarlar qəbul edildi. Mustafa Kamal Paşanın "Tək bir hakimiyyət var, o da milli hakimiyyətdir. Ölkəni yenə millətin öz qüvvəsi qurtaracaq" sözləri qulaqlarda səslənir, qəlblərdəki ümid odunu yenidən alovlandırırdı. Qarşıdan 23 aprel 1920-ci il tarixi gəlirdi. Yurdun dörd bir tərəfindən gələn millət vəkilləri həmin gün Ankarada Böyük Millət Məclisində toplandılar. Məclis Mustafa Kamal Paşanı sədr seçdi. Onun rəhbərliyi ilə qurtuluş savaşı başladı. Tarixdə çox sayda qurtuluş müharibəsi var. Amma türk xalqının qurtuluş müharibəsi parlament tərəfindən aparıldı və nəticədə müstəqil Türkiyə Respublikası quruldu. Bu xalqın demokratiyaya olan inancını bir daha göstərən və dünya ölkələrinə nümunə olan, gələcəyə miras qoyulan unikal tarixi hadisədir.

24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsinin imzalanmasından sonra yeni dövlətin qurulmasının qarşısında heç bir maneə qalmadı. Qazi Mustafa Kamal Atatürk 28 oktyabr 1923-cü il axşamı yaxın dostlarını Çankayada yeməyə dəvət etdi. Onlara "Sabah Cümhuriyyəti elan edəcəyik" dedi.

Beləliklə də, 29 oktyabr 1923-cü ildə Atatürk millət vəkilləri ilə görüşdükdən sonra layihəsi hazırlanan respublika təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edildi və təklif qəbul olundu. Atatürk yeni qurulan Türkiyə Respublikasının ilk prezidenti oldu.

Türkiyə Respublikası türk xalqı tərəfindən yaşı min illərə dayanan və çox mühüm hadisələrlə dünya tarixinə öz möhürünü vuran siyasi ağıl, müstəqillik fəlsəfəsi və dövlət anlayışı əsasında quruldu. Bugün 103 yaşını qeyd etdiyi Türkiyə Respublikası qazandığı uğurları, gücü və müdafiə etdiyi prinsiplərlə türk dünyası, eyni zamanda dünya xalqları üçün qürur mənbəyidir.

Türkiyə Gürcüstanın müstəqilliyini 1991-ci il dekabrın 16-da tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il mayın 21-də qurulub. Hazırda Türkiyə və Gürcüstan strateji tərəfdaşdır və siyasi, iqtisadi, ticarət, müdafiə və mədəniyyət sahələrində əməkdaşlıq edirlər. Türkiyə 2007-ci ildən Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və regional əməkdaşlıq da münasibətlərin inkişafında mühüm rol oynayır.

Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə təbrik edirik!

ŞƏRH YAZ
1