İsrail Prezidenti İshaq Hersoq Baş nazir Benyamin Netanyahuya siyasətdən getməsi müqabilində əfv təklif edib.
Aktual.ge xəbər verir ki, bu barədə İsrailin C14 telekanalı məlumat yayıb.
Məlumata görə, Netanyahuya qarşı irəli sürülən korrupsiya ittihamlarının ləğv edilməsi müqabilində ona siyasi karyerasına tamamilə son qoymaq təklif olunub.
“Bu potensial razılaşma son seçkilərdən sonra yaranan qeyri-müəyyənlik fonunda yeni hökumətin formalaşdırılması üçün nəzərdən keçirilən variantlardan biri kimi qiymətləndirilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, Benyamin Netanyahu ilə bağlı korrupsiya araşdırması artıq 10 ildir davam edir. Baş nazir siyasi güzəştlər müqabilində dəyərli hədiyyələr almaqda, həmçinin media maqnatlarına onun fəaliyyətlərini müsbət işıqlandırmaları qarşılığında yardım etməkdə şübhəli bilinir.
İsraildə 27 oktyabrda keçirilən seçkilərdə heç bir blok hökumət formalaşdırmaq üçün lazım olan 61 deputat yerini əldə edə bilməyib. Son rəqəmlərə görə, Netanyahu Bloku 53, Ayzenkot Bloku 48, ərəb partiyaları isə 19 yer qazanıb.