5 müxalifət partiyasının konstitusiyaya zidd elan edilməsi ilə bağlı məhkəmə iclası bərpa olunub.
Aktual.ge xəbər verir ki, məhkəmə prosesi hələ də izahatların dinlənilməsi mərhələsindədir. İclas “Lelo – Güclü Gürcüstan” partiyasının nümayəndəsi Giorgi Sioridzenin izahatı ilə davam edir.
Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraianın məlumatına görə, bugünkü iclasda Giorgi Sioridzenin çıxışından sonra “Qaxaria – Gürcüstan Naminə” partiyasının nümayəndələrinin də izahatlarının dinlənilməsi nəzərdə tutulub.
Revaz Nadaraianın bildirdiyinə görə, gələn həftə tərəflər fasilə verəcək və sual-cavab mərhələsini əhatə edən proses noyabrın 9-dan etibarən bərpa olunacaq.
Xatırladaq ki, indiyədək Konstitusiya Məhkəməsində “Dəyişikliklər üçün Koalisiya” və “Vahid Milli Hərəkat” partiyalarının nümayəndələrinin izahatları dinlənilib. Bununla yanaşı, “Lelo – Güclü Gürcüstan” partiyasının nümayəndələri də məhkəmə iclasında çıxış ediblər.
Məlumat üçün bildirək ki, Konstitusiya Məhkəməsində iddianın müzakirəsinə oktyabrın 21-də başlanılıb. İndiyədək məhkəmə müxalifət partiyalarının nümayəndələrinin heç bir vəsatətini təmin etməyib. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət Plenumu baxır.
Konstitusiya Məhkəməsinə təqdim olunan iddia ərizəsini parlamentin 88 deputatı imzalayıb. İddia əsasında məhkəmənin gündəliyində aşağıdakı beş siyasi birliyin konstitusiyaya zidd elan edilməsi məsələsi dayanır:
“Birlik – Milli Hərəkat”;
“Dəyişikliklər üçün Koalisiya – Qvaramia, Melia, Girçi, Droa”;
“Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün!”;
“Federalistlər Partiyası”;
“Qaxaria – Gürcüstan Naminə” partiyası.
Konstitusiya iddiasına XI çağırış parlamentində yaradılmış müvəqqəti istintaq komissiyasının rəyi də əlavə olunub.