“Cinayət Məcəlləsi”nə “Konstitusiya quruluşuna qarşı ekstremizm” adlı yeni 316¹-ci maddə əlavə ediləcək.
Aktual.ge xəbər verir ki, həmin maddə aşağıdakı hallarda cinayət məsuliyyəti nəzərdə tutur:
Gürcüstan vətəndaşı və ya Gürcüstan vətəndaşlığı statusu olmayan şəxs tərəfindən qanunvericiliyin kütləvi şəkildə pozulmasına, Gürcüstan hakimiyyət orqanlarına kütləvi itaətsizliyə və ya alternativ orqanların yaradılmasına sistemli və açıq çağırış edilməsi; eləcə də həmin şəxs tərəfindən özünü və ya başqasını özbaşına və açıq şəkildə sistemli olaraq Gürcüstan hakimiyyətinin nümayəndəsi kimi təqdim etməsi və ya Gürcüstanın konstitusiya quruluşunun və konstitusion orqanlarının qeyri-legitimliyi barədə təsəvvür formalaşdırmağa yönəlmiş, Gürcüstanın maraqlarına zərər vuran və ya real zərər təhlükəsi yaradan digər sistemli hərəkətlərin törədilməsi.
Belə əməl 400-dən 600 saatadək ictimai işlərə cəlbetmə və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hüquqi şəxs barəsində isə cərimə və ya ləğvetmə və cərimə tətbiq ediləcək.
Bundan əlavə, Gürcüstanın konstitusiya quruluşuna və konstitusion orqanlarına qarşı motivlə törədilmiş cinayət məsuliyyəti ağırlaşdıran hal hesab olunacaq. Bu zaman azadlıqdan məhrumetmə cəzası təyin edilərkən, cəzanın çəkilmə müddəti törədilmiş cinayətin minimum həddindən ən azı bir il artıq olmalıdır.
Bu dəyişikliklər parlamentə təqdim olunmuş qanunvericilik paketinin tərkib hissəsi olan “Cinayət Məcəlləsi”ndə əksini tapacaq və Hüquqi məsələlər komitəsi tərəfindən ikinci oxunuşda – maddə-maddə müzakirə olunacaq.
Dəyişiklikləri komitə üzvlərinə komitə sədri Arçil Qorduladze təqdim edib.
“Bu, ekstremizmlə bağlı məsələdir və layihənin birinci oxunuşu zamanı qaldırılmışdı. Almaniya nümunəsi gətirildi – orada bəzi şəxslər konstitusion orqanları və konstitusiya quruluşunu tanımırdılar. Onların birliyi 20 min nəfəri əhatə edirdi. Onlar başqalarını da konstitusion orqanlara və qanunvericiliyə tabe olmamağa çağırırdılar ki, bu da konstitusiya quruluşu üçün təhlükə yaradırdı. Buna görə də konkret təşkilatın fəaliyyətinin dayandırılması məsələsi gündəmə gəldi, rəhbəri isə özünü kral kimi təqdim etdiyi üçün onun barəsində cinayət məsuliyyəti məsələsi qaldırıldı”, – deyə Arçil Qorduladze qeyd edib.
O, komitə iclasında verdiyi izaha görə, performans cinayət əməli hesab edilməyəcək. Onun sözlərinə görə, “bir tərəfdən söz və ifadə azadlığı, digər tərəfdən isə cinayət əməli arasında sərhəd müəyyən ediləcək”.