Bir sıra dövlət-siyasi vəzifəli şəxslərin əməkhaqqı əlavəsi və pul mükafatı almaq imkanı olacaq
12.05.2026 00:13
463
Maraqlı
A
Bir sıra dövlət-siyasi vəzifəli şəxslərin əməkhaqqı əlavəsi və pul mükafatı almaq imkanı olacaq

Bir sıra dövlət-siyasi vəzifəli şəxslərin əməkhaqqı əlavəsi və pul mükafatı almaq imkanı olacaqdır.

Aktual.ge xəbər verir ki, müvafiq təşəbbüslə Parlamentə Hökumət Administrasiyası müraciət edib.

Dəyişikliklər “Dövlət müəssisəsində əməyin ödənilməsi haqqında” qanunda planlaşdırılır.

Əməkhaqqı əlavəsi və pul mükafatı almaq imkanı olacaq şəxslər aşağıdakilərdir:

- Nazir müavinləri;

- Abxaziya və Acara muxtar respublikalarının hökumət üzvlərinin müavinləri;

- Qubernator müavinləri;

- Mer müavinləri.

Qüvvədə olan qanuna əsasən, dövlət-siyasi və siyasi vəzifəli şəxslərə əməkhaqqı əlavəsi və pul mükafatı verilmir. Əməkhaqqı əlavəsi və mükafatın verilməsi imkanı həm hökumət üzvləri, dövlət müvəkkilləri və merlər, həm də onların müavinləri üçün məhdudlaşdırılmışdır.

Qanunda planlaşdırılan dəyişikliklərlə, əməkhaqqı əlavəsi iş vaxtından artıq iş və ya əlavə funksiyaların icrası, o cümlədən gecə saatlarında, istirahət-bayram günlərində və sağlamlıq üçün risk daşıyan iş şəraitində fəaliyyət üçün veriləcəkdir. Əməkhaqqı əlavəsi yuxarı vəzifəli şəxsin qərarı ilə, qanunla müəyyən edilmiş hədd və müvafiq büdcədə nəzərdə tutulmuş vəsaitlər çərçivəsində veriləcəkdir.

Pul mükafatına gəldikdə isə, qanun layihəsinə əsasən, onun verilməsi tapşırılmış funksiyaların dəqiqliklə və nümunəvi şəkildə yerinə yetirilməsi, uzunmüddətli və vicdanlı xidmət, xüsusi mürəkkəblik və ya əhəmiyyət kəsb edən tapşırıqların icrası üçün baş tuta bilər. Əməkhaqqı əlavəsinə analoji olaraq, pul mükafatı da yuxarı vəzifəli şəxsin qərarı ilə, qanunla müəyyən edilmiş hədd və müvafiq büdcədə nəzərdə tutulmuş vəsaitlər daxilində veriləcəkdir.

“Dəyişikliklərlə nəzərdə tutulan şəxslər dairəsi qurum rəhbərləri tərəfindən müəyyən edilmiş vəzifələrin lazımi səviyyədə icrasında mühüm funksiya yerinə yetirir. Müəyyən edilmiş prioritetlərin icrasının əsas yükü məhz onların üzərindədir. Sözügedən şəxslərin maddi stimullaşdırılması imkanı onların əməyinin təşviq edilməsinin mühüm rıçaqı olacaqdır. Qeyd olunan dəyişikliklərin həyata keçirilməsi, həmçinin qurumların fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin səmərəliliyinin artırılmasına və stimullaşdırılmasına kömək edəcəkdir”, - deyə qanun layihəsinin izahat vərəqəsində oxuyuruq.

ŞƏRH YAZ
6