Gürcüstana dondurulmuş mal əti idxalı artıb.
Aktual.ge xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin ("Sakstat") məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkəyə 1 395 ton (6.330 milyon ABŞ dolları dəyərində) dondurulmuş ət idxal olunub. Halbuki ötən ilin eyni dövründə bu göstərici 1 129 ton (4.895 milyon ABŞ dolları) təşkil etmişdi.
Məlumata əsasən, hesabat dövründə Gürcüstana dondurulmuş mal ətinin əsas idxalçısı Braziliya olub və ümumi idxalın təxminən 79%-i bu ölkənin payına düşüb.
"Saksat"ın 2026-cı ilin ilk 3 ayı üzrə məlumatına görə, Gürcüstana ən çox dondurulmuş ət aşağıdakı ölkələrdən gətirilib:
Braziliya – 1097 ton (4.463 milyon ABŞ dolları)
Ukrayna – 194 ton (938.7 min ABŞ dolları)
Litva – 60.3 ton (648.1 min ABŞ dolları)
Argentina – 28 ton (91.7 min ABŞ dolları)
Belarus – 8 ton (58.7 min ABŞ dolları)
Bu məlumatlara əsasən, 1 kiloqram Braziliya mənşəli dondurulmuş ətin orta qiyməti 4 ABŞ dolları, Ukrayna mənşəli ətin 4.84 ABŞ dolları, Litva mənşəli ətin 10.75 ABŞ dolları, Argentina mənşəli ətin 3.28 ABŞ dolları, Belarus mənşəli ətin isə 7.34 ABŞ dolları olduğu müəyyən edilib.
Qeyd edək ki, qiymətlər orta göstərici əsasında hesablanıb və vergilər daxil deyil.)
Xatırladaq ki, dünyada ət qiymətləri rekord həddə çatıb. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ət qiymətləri indeksi aprel ayında orta hesabla 129.4 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1.6 bənd və ya 1.2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7.8 bənd və ya 6.4% yüksəkdir.
Artım qoyun əti istisna olmaqla, bütün ət kateqoriyalarında qiymət bahalaşmasını əks etdirir. İribuynuzlu heyvan ətinin qiyməti isə yeni pik həddə çatıb. Buna Braziliyada kəsim üçün nəzərdə tutulan heyvan ehtiyatının məhdud olması fonunda ixrac qiymətlərinin artması səbəb olub.