Gürcüstan hökuməti tikinti layihələrini tənzimləyən qanunvericiliyə dəyişikliklər paketi hazırlayır. Məqsəd infrastruktur layihələrinin icrasını təkmilləşdirmək, gecikmə riskini azaltmaq və tikinti sektorunda daha dayanıqlı mühit yaratmaqdır.
Aktual.ge-nin məlumatına görə, bu barədə hökumətin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Baş nazir İrakli Kobaxidze və İnfrastruktur naziri Revaz Soxadze tikinti şirkətləri və bank nümayəndələri ilə görüşlər keçirir.
Planlaşdırılan dəyişikliklərə “Dövlət satınalmaları haqqında” qanun və texniki reqlamentlər daxildir. İslahat çərçivəsində əlavə xərclərin limiti artırılacaq, qiymət indeksasiyası tətbiq olunacaq və materialların qiymətləri yenilənəcək.
Eyni zamanda, kiçik və orta biznesin iştirakı genişləndiriləcək, subpodratçı təcrübəsinin birləşdirilməsi mümkün olacaq.
Bununla yanaşı, nəzarət mexanizmləri sərtləşdiriləcək, aşağı qiymətli tenderlər məhdudlaşdırılacaq və “qara siyahı” sistemi genişləndiriləcək.