Baş nazirdən seçkilərlə bağlı açıqlama
15.05.2026 14:21
716
Siyasət
A
Baş nazirdən seçkilərlə bağlı açıqlama

"2028-ci il parlament seçkilərinə gəlincə, bu seçkilər bu gün qüvvədə olan qanunvericiliklə keçiriləcək, buna hər kəsə söz verirəm!".

Aktual.ge xəbər verir ki, Baş nazir İrakli Kobaxidze "Müxalifət Alyansı"nın "ədalətli və azad seçkilərin keçirilməsi üçün" irəli sürdüyü 6 əsas şərtə belə cavab verib.

Hökumət başçısı deyib ki, hazırkı qanunvericilik beynəlxalq standartlara tamamilə uyğundur:

"Biz 2028-ci il 28 oktyabr parlament seçkilərini hazırda qüvvədə olan qanunvericiliklə keçirəcəyik" , - deyə o əlavə edib.

Xatırladaq ki, "Müxalifət Alyansı" ədalətli və azad seçkilərin keçirilməsi üçün zəruri hesab etdikləri 6 əsas şərti açıqlayıb. Həmin tələblər aşağıdakılardır:

  1. Seçki administrasiyasının dəyişdirilməsi: Administrasiya tamamilə paritet (bərabərlik) prinsipinə əsaslanmalıdır. Komissiya 2020-2024-cü illər seçkilərində baryeri keçmiş partiyaların hərəsindən bir nümayəndə olmaqla formalaşdırılmalıdır. (Müxalifət 2024-cü il seçkilərini legitim saymasa da, nümayəndəlik üçün bu göstəricini əsas götürür).

  2. Emiqrantların səsvermə hüququ: Xaricdə yaşayan vətəndaşlara səs vermək imkanı geri qaytarılmalıdır. Emiqrantların sayının kifayət qədər olduğu xarici ölkələrdə seçki məntəqələri açılmalıdır.

  3. Verifikasiyanın sərtləşdirilməsi: Seçicilərin eyniləşdirilməsi prosesi gücləndirilməli, üz tanıma aparatları əlavə edilməlidir.

  4. Beynəlxalq audit: Seçki prosesinin auditi və yoxlanılması etibarlı bir beynəlxalq şirkətə həvalə edilməlidir.

  5. Siyahıların açılması: Seçici siyahıları açıq olmalı və seçicilərin iştirakı barədə məlumatların ictimailəşdirilməsi mümkün olmalıdır.

  6. Seçki mübahisələri: Seçki ilə bağlı mübahisələrə ümumi razılıq əsasında formalaşdırılmış xüsusi məhkəmə kollegiyaları tərəfindən baxılmalıdır.

ŞƏRH YAZ
11