Dünən, 14 may tarixində Qardabanidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan gənc də həyatını itirib.
Aktual.ge xəbər verir ki, bu barədə Rustavi Mərkəzi Xəstəxanasının direktoru Papuna Baxtadze yerli mətbuata məlumat verib.
“Xəstəyə cərrahi müdaxilə və əməliyyat həyata keçirildi, travmatologiya şöbəsində müvafiq prosedurlar davam etdirildi. Əməliyyatlardan sonra axşam saatlarında vəfat etdi”, - deyə Papuna Baxtadze bildirib.
Məlumat üçün bildirək ki, dünən Qardabanidə baş verən yol qəzası nəticəsində bu şəxslə yanaşı daha yeddi nəfər də həyatını itirib. Beləliklə, ümumilikdə 8 gənc dünyasını dəyişib.
Yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə başlanıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur.