Rəsmi Tbilisi AŞPA-nın Gürcüstanla bağlı qəbul etdiyi qətnaməyə dair bəyanat yayır
Bugün
128
Siyasət
A
Rəsmi Tbilisi AŞPA-nın Gürcüstanla bağlı qəbul etdiyi qətnaməyə dair bəyanat yayır

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda demokratik institutların fəaliyyəti ilə bağlı hazırlanmış hesabata əsaslanan qətnamə qəbul edib. Sözügedən hesabat obyektiv və faktlara əsaslanan qiymətləndirməyə söykənmir, qərəzli şərhlər, birtərəfli siyasi qiymətləndirmələr və Gürcüstan haqqında yanlış narrativlərin təkrarını ehtiva edir ki, bu da həm hesabatın qərəzsizliyi, həm də onun hazırlanma prosesi ilə bağlı ciddi suallar yaradır.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Rəsmi Tbilisi bəyan edir ki, xüsusilə narahatedicidir ki, insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini qorumaq məqsədilə yaradılmış beynəlxalq institut getdikcə daha çox siyasi təzyiq aləti kimi istifadə olunur.

"Bənzər praktika Avropa Şurasının öz nüfuzuna zərər vurur və təşkilatın ayrı-ayrı strukturlarının qərəzsizliyinə dair əsaslı şübhələr yaradır.

Demokratiya adı altında demokratik yolla seçilmiş hakimiyyətin nüfuzdan salınmasına cəhd göstərilməsi, qanuni fəaliyyət göstərən dövlət institutlarının məqsədyönlü şəkildə tənqid edilməsi və seçkilər yolu ilə əldə olunmuş ictimai mandatı görməzlikdən gəlməyə çalışan siyasi qrupların təşviq olunması qəbuledilməzdir. Belə yanaşma demokratiyanın möhkəmləndirilməsinə deyil, siyasi qütbləşmənin dərinləşməsinə və radikal proseslərin təşviqinə xidmət edir.

Suveren dövlətin daxili siyasi və hüquqi proseslərinə qərəzli münasibət göstərilməsi, həmçinin milli maraqlar nəzərə alınmaqla və konstitusiya prosedurlarına tam riayət edilməklə qəbul edilmiş qanunvericilik qərarlarının siyasi meyarlarla qiymətləndirilməsi yolverilməzdir. Hüquqi arqumentlər və obyektiv qiymətləndirmə olmadan qanunların ləğvinin tələb edilməsi narahatlıq doğurur. Bu, institusional mandatın hüdudlarını aşır və siyasi müdaxilə əlamətləri daşıyır.

Gürcüstan hakimiyyəti ölkənin suverenliyini, konstitusiya quruluşunu və gürcü xalqının demokratik seçimini qətiyyətlə müdafiə edəcək. Heç bir xarici siyasi təzyiq, dezinformasiya kampaniyası və ya ədalətsiz qiymətləndirmə Gürcüstanın milli maraqlarının, dövlət müstəqilliyinin və demokratik legitimliyinin nəzərə alınmaması üçün əsas ola bilməz", – deyə XİN-in bəyanatında qeyd olunub.

XİN Gürcüstan Avropa Şurasının "məsuliyyətli üzvü və onun əsas dəyərlərinin sadiq müdafiəçisi" kimi "qarşılıqlı hörmət və etimada əsaslanan, hər iki tərəf üçün faydalı əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyir və Avropa Şurasının institutlarından konstruktiv və ədalətli yanaşma gözləyir".

Məlumat üçün bildirək ki, AŞPA 25 iyun tarixində Gürcüstanla bağlı qətnamə qəbul edib.

"Gürcüstanda Demokratik Təsisatların Fəaliyyəti" adlı sənəddə Gürcüstanda demokratik geriləmənin davam etdiyi, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli fikirlərə qarşı təzyiqlərin azalmadığı qeyd olunub.

 

ŞƏRH YAZ
2