Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Gürcüstan Prokurorluğu və Gəlirlər Xidməti ilə koordinasiyalı şəkildə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Gəlirlər Xidmətinin Gömrük Departamentinin "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisini külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlayıblar.
Aktual.ge xəbər verir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs xidməti vəzifəsini icra edərkən bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyan etmədən Gürcüstana gətirməsinə kömək edəcəyini vəd edib. Bu himayə müqabilində dövlət məmuru hər belə hal üçün 8 min ABŞ dolları məbləğində rüşvət tələb edib.
İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsi əvvəlcədən tələb etdiyi məbləğin bir hissəsini – 4 min ABŞ dollarını aldığı zaman saxlayıblar.
Qurumun məlumatına görə, məhkəmə qərarı əsasında həyata keçirilən gizli istintaq tədbirləri nəticəsində cinayət əməlini təsdiqləyən audio və video sübutlar əldə edilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin "b" bəndi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət məmurlarını, eləcə də onlarla qanunsuz sövdələşməyə girmək istəyən şəxsləri bu cür əməllərdən çəkinməyə çağırıb. Qurumun bəyanatında vurğulanır ki, hüquq-mühafizə orqanları bu kimi hər bir fakta operativ reaksiya verəcək və qanunvericiliyə uyğun olaraq qəti tədbirlər görəcək.