Telavidə yerləşən hotellərdən birində keçirilən toy mərasimi zamanı baş verən insidentlə bağlı polis 30 yaşlı Giorgi Çiğladzeni sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı ilə saxlayıb.
Aktual.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxs bir qadına fiziki xəsarət yetirib.
Nazirliyin bildirdiyinə əsasən, hadisədən əvvəl xarici ölkə vətəndaşı olan qadınlar hotel otağının eyvanından toy iştirakçılarını təhqir edib. Şahidlərin sözlərinə görə, həmin qadınlar toy iştirakçılarının üzərinə su töküblər, həmçinin mərasimdə istifadə olunan avadanlıqlara ziyan vurublar.
Təqsirləndirilən şəxsin vəkili Laşa Kapanadze isə bildirib ki, insident zamanı qadın Giorgi Çiğladzeyə də boyun nahiyəsindən xəsarət yetirib.
Məlumata görə, saxlanılan şəxs bəyin qardaşı, zərərçəkmiş qadın isə həmin hotelin qonağı olub. Faktla bağlı araşdırma davam etdirilir.