Güclü yağış Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub.
Aktual.ge xəbər verir ki, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi ərazilərində küçələri su basıb, Vazisubani qəsəbəsində isə su yaşayış binalarının zirzəmilərinə dolub.
Paytaxtın müxtəlif hissələrində yolların su altında qalması avtomobillərin hərəkətini çətinləşdirib.
Bundan əlavə, Avlabari yaxınlığında, Qldanidə, Aqmaşenebeli xiyabanında sürücülər üçün nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, eləcə də Ədliyyə Evinin ətrafındakı yol su altında qalıb.
Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 20-dən 21-nə keçən gecə Tbilisi və ətraf ərazilərdə arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir.
Proqnoza əsasən, şimşək çaxacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi ehtimal olunur.
Agentlik xəbərdarlıq edib ki, güclü yağıntılar kiçik çaylarda qəfil daşqınlara, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə və selin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar orta təhlükə səviyyəsi elan edilib.