Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən iki müxtəlif cinayət işi üzrə həyata keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində, külli miqdarda dələduzluq və dələduzluğa cəhd faktı ilə əlaqədar hakim qərarları əsasında 5 nəfər Gürcüstan və bir nəfər Türkiyə Respublikasının vətəndaşını saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Qurumda keçirilən brifinqdə DTX-nin Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze bildirib.
“Cinayət işlərindən biri üzrə aparılan istintaq nəticəsində müəyyən edilib ki, Türkiyə Respublikasının bir vətəndaşı Gürcüstanın dörd vətəndaşı ilə birlikdə dələduzluq məqsədli cinayətkar qrup təşkil edib. Onlar Gürcüstanda müvəqqəti olan Türkiyə vətəndaşına 14 500 ABŞ dolları müqabilində yaşayış icazəsinin alınmasında kömək edəcəklərinə söz veriblər, lakin vədlərini yerinə yetirməyiblər.
Zərərçəkmiş şəxsin ölkədə qanuni qalma müddəti başa çatmışdı və bu hal cinayətkar qrupun digər üzvlərinə də məlum idi. Buna görə də sonradan saxlanılan təqsirləndirilən şəxslə cinayət əlaqəsində olan Gürcüstan vətəndaşları həmin Türkiyə vətəndaşı ilə əlaqə saxlayaraq, 3000 ABŞ dolları müqabilində onun Gürcüstanda qalması üçün qanuni əsas yaradılmasına kömək ediblər.
Belə ki, həmin şəxsin şəxsiyyət vəsiqəsindən istifadə etməklə, sərhədi faktiki keçmədən, ‘şəxsiyyət vəsiqəsi ilə səyahət, giriş və çıxış formasında’ Gürcüstan dövlət sərhədinin hər iki istiqamətdə keçilməsini təsdiq edən rəsmi möhürlər yerləşdiriblər.
İkinci cinayət işinə gəlincə, istintaq nəticəsində müəyyən edilib ki, Gürcüstanda müvəqqəti olan Türkmənistan Respublikasının vətəndaşının ölkədə qanuni qalma müddəti başa çatıb. Gürcüstan vətəndaşı isə 4000 ABŞ dolları müqabilində ona sərhəddən çıxarılmasını və daha sonra geri gətirilməsini, bununla da Gürcüstanda qalma müddətinin qanuni şəkildə uzadılmasını təmin edəcəyinə söz verib. Təqsirləndirilən şəxs vədini yerinə yetirməyib, lakin buna baxmayaraq pulun bir hissəsini tələb edib və alıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin üçüncü hissəsinin ‘b’ bəndi, 19-180-ci maddəsinin ikinci hissəsinin ‘a’ və üçüncü hissəsinin ‘b’ yarımbəndləri ilə aparılır. Bu maddələr 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi qeyd olunan cinayət sxeminə cəlb olunmuş digər şəxslərin müəyyən edilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə işini davam etdirir”, - deyə Emzar Qaqnidze qeyd edib.