Tbilisidə oğurluq və qarətdə ittiham olunan 5 yeniyetmə saxlanılıb
Bugün
46
Kriminal
A
Tbilisidə oğurluq və qarətdə ittiham olunan 5 yeniyetmə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda qrup halında törədilmiş oğurluq və qarət ittihamı ilə 5 nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıb, onlardan 2-si əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Nazirliyin məlumatına görə, yetkinlik yaşına çatmayanların törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə ümumilikdə 30 min laridən çox maliyyə zərəri dəyib.

Məlumatda deyilir:

“Polis əməkdaşlarının kompleks şəkildə həyata keçirdiyi istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, yetkinlik yaşına çatmayan şəxslər əvvəlcədən razılaşaraq, qrup halında, qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsullar oğurlayıb və hadisə yerindən qaçıblar. Həmçinin müəyyən edilib ki, ittiham olunan şəxslərdən biri vətəndaşa məxsus motosikleti qanunsuz olaraq ələ keçirib.

Aparılan istintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri götürülüb və həmin görüntülər ittiham olunan şəxslərin cinayət əməllərini təsdiqləyir.

Yetkinlik yaşına çatmayanların törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə 30 000 laridən çox maliyyə zərəri dəyib.

Polis həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 5 yetkinlik yaşına çatmayan şəxsin hamısını məhkəmə qərarı əsasında təqsirləndirilən şəxs qismində saxlayıb.

İstintaq Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə aparılır. Bu maddələr 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”.

ŞƏRH YAZ
0