“Çox problemli bir bəyanatdır, əlavə şərh verməyəcəyəm. Problem bizim üçün deyil, onun özü üçün problemlidir. Etik standartlardan irəli gələrək əlavə şərh verməyəcəyəm. O, məndən əvvəl bu vəzifəni tutub. Elə etik standartlar var ki, bu mövzu ilə bağlı açıqlama vermək imkanımı məhdudlaşdırır”.
Aktual.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze həbsdə olan keçmiş Baş nazir İrakli Qaribaşvilinin bəyanatına münasibət bildirərkən bunu jurnalistlərə açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, İrakli Qaribaşvili ilə bağlı iş üzrə konkret hökm artıq çıxarılıb və “qalan məsələlər tamamilə hüquq-mühafizə orqanlarının işidir”.
“Bu bəyanatı gördüm. Nədən söhbət getdiyini bilmirəm. Mən bir şeyi bilirəm, konkret hökm çıxarılıb. Qalan məsələlər tamamilə hüquq-mühafizə orqanlarının işidir. Mən ümumiyyətlə onun bəyanatına şərh verə bilmərəm. Həmçinin ona görə ki, İrakli Qaribaşvili məndən əvvəl bu vəzifəni tutub və buna görə də etik baxımdan onun bəyanatını qiymətləndirməyim düzgün olmaz. Çox problemli bəyanatdır, əlavə şərh verməyəcəyəm. Problem bizim üçün deyil, onun özü üçün problemlidir. Etik standartlardan irəli gələrək əlavə şərh verməyəcəyəm. O, məndən əvvəl bu vəzifəni tutub. Elə etik standartlar var ki, bu mövzu ilə bağlı açıqlama vermək imkanımı məhdudlaşdırır”, - deyə İrakli Kobaxidze qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, dünən “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili ilə əlaqə saxlayıb, lakin İrakli Qaribaşvilinin məktubu barədə danışmayıblar.
“Dünən müxtəlif məsələlərlə bağlı ünsiyyətimiz oldu. Məktub yayımlandıqdan sonra idi, yoxsa əvvəl, xatırlamıram. Bu məsələni biz müzakirə etməmişik. Bu barədə fikir mübadiləsi aparmamışıq. Bu məsələni mahiyyət etibarilə müzakirə etməmişik”, - deyə hökumət başçısl söyləyib.
Məlumat üçün bildirək ki, həbsdə olan keçmiş Baş nazir İrakli Qaribaşvili bəyanat yayıb və yazıb ki, “bu gündən etibarən onun və ailəsinin təhlükəsizliyinə görə tam məsuliyyət Bidzina İvanişvilinin və bütün hakimiyyətin üzərinə düşür”. İrakli Qaribaşvilinin sözlərinə görə, o, 18 avqustda geniş məzmunlu məktub yayımlayacaq.