Rusiya–Gürcüstan sərhədində yerləşən Yuxarı Lars ("Verxni Lars") keçid məntəqəsində sərnişin axını yenə də yüksək olaraq qalır.
Aktual.ge xəbər verir ki, Şimali Osetiyanın de-fakto hakimiyyətinin məlumatına görə, son bir həftə ərzində sərhədi 113 mindən çox insan və 33 mindən çox avtomobil keçib.
Rusiya tərəfinin yaydığı məlumatlara əsasən, xüsusilə yüksək sıxlıq avqustun ortalarında qeydə alınıb və bəzi günlərdə keçid məntəqəsindən keçən sərnişinlərin sayı rekord həddə çatıb.
Rusiya Federal Gömrük Xidməti bildirib ki, yalnız avqustun 18-də Yuxarı Larsdan 20 mindən çox sərnişin keçib. Avqustun 15 və 16-da isə gündəlik göstərici 19 mini ötüb.
Gürcüstan Daxili İşlər Nazirliyi bu məlumatlarla razılaşmayıb. Nazirliyin məlumatına görə, həmin dövrdə sərhədi gündə təxminən 16 min nəfər keçib: onlardan 7 min 800 nəfəri Gürcüstan istiqamətində, 8 min 400 nəfəri isə Rusiya istiqamətində hərəkət edib.
Daha sonra Rusiya tərəfi açıqlama verərək bildirib ki, onun statistikasında hər iki istiqamətdə hərəkət edən sərnişinlər birlikdə hesablanıb.
Yuxarı Larsda axının artması Rusiyada mümkün yeni səfərbərliklə bağlı yayılan xəbərlərlə eyni vaxta təsadüf edir. Rusiyanın “Relokatsiya” layihəsinin məlumatlarına görə, son dövrdə ölkədən getmək istəyənlərin müraciətlərinin sayı təxminən 1,7 dəfə artaraq gündəlik 70-dən 120-yə yüksəlib. Xüsusilə gənc oğlanlar arasında aktivlik müşahidə olunur. Bir çox müraciət edən isə bu dəfə müvəqqəti yaşayış yeri deyil, daimi məskunlaşmaq üçün ölkə axtarır.
Rusiya mediasının məlumatına görə, sərhədin Rusiya tərəfində də böyük tıxaclar yaranıb. Hadisə şahidləri bildirirlər ki, bəzi hissələrdə avtomobillərdən ibarət növbə son dərəcə yavaş hərəkət edir.
Məlumat üçün bildirək ki, Yuxarı Lars Gürcüstanla Rusiya arasında fəaliyyət göstərən yeganə avtomobil sərhəd-keçid məntəqəsidir. Burada xüsusilə ağır vəziyyət 2022-ci ilin sentyabrında yaranmışdı. Həmin vaxt Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra on minlərlə Rusiya vətəndaşı ölkəni tərk etmiş və sərhəddə kilometrlərlə uzanan növbələr yaranmışdı.