SON DƏQİQƏ! Prokurorluq Qaribaşviliyə yeni ittiham irəli sürdü
24.08.2026 11:40
538
Siyasət
A
SON DƏQİQƏ! Prokurorluq Qaribaşviliyə yeni ittiham irəli sürdü

Gürcüstanın keçmiş baş naziri, hazırda həbsdə olan İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bununla bağlı Baş Prokurorluqda keçirilən brifinqdə məlumat verilib.

Baş prokurorun müavini Amiran Quluaşvilinin bildirdiyinə görə, söhbət korrupsiya cinayətindən, konkret olaraq xüsusilə külli miqdarda pul almaqdan gedir.

“Gürcüstan Prokurorluğu xüsusilə külli miqdarda rüşvətin əvvəlcədən razılaşmış qrup tərəfindən alınması faktı ilə bağlı Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə ittiham irəli sürüb.

2026-cı il avqustun 12-də Gürcüstanın keçmiş müdafiə nazirinin [Juanşer Burçuladze] qohumu, məhkum Vasili Mxeidze istintaqla əməkdaşlıq etmək istəyi ilə prokurorluğa müraciət edib və əlində olan bütün məlumatları istintaqa təqdim edib. O, həmçinin dindirilib və istintaqla əməkdaşlıq edib. Juanşer Burçuladze də istintaq çərçivəsində dindirilib və istintaqla əməkdaşlıq edib.

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan qarşılıqlı istintaq-prosessual tədbirlər nəticəsində müəyyən edilib ki, 2021–2024-cü illərdə İrakli Qaribaşvili baş nazir vəzifəsini tutarkən dövlət-siyasi vəzifəli şəxs olub. Qanunvericiliyə uyğun olaraq, o, digər funksiyalarla yanaşı, hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, hökumətin fəaliyyətini təşkil edir, həmçinin nazirlərin fəaliyyətini əlaqələndirir və ona nəzarət edirdi.

Həmin dövrdə Gürcüstanın müdafiə naziri vəzifəsini Juanşer Burçuladze tuturdu və o da dövlət-siyasi vəzifəli şəxs idi. Qanunvericiliyə əsasən, nazir kimi o, Gürcüstanın baş naziri qarşısında hesabatlı idi və digər hüquq və vəzifələrlə yanaşı, nazirliyin struktur bölmələrinin fəaliyyətini əlaqələndirir, nazirliyin müvafiq vəzifəli şəxslərinin qərarlarına və fəaliyyətinə xidməti nəzarət həyata keçirirdi.

2022-ci ilin sonlarından etibarən Gürcüstan Müdafiə Nazirliyinin müxtəlif bahalı tibbi avadanlıq və inventarın alınmasına ehtiyacı yaranıb. Bu satınalmalar məxfi satınalma yolu ilə həyata keçirilməli idi.

Bu prosedurlarda iştirak etmək və qanunsuz maliyyə gəliri əldə etmək məqsədilə Juanşer Burçuladze ilə razılaşan onun qohumu Vasili Mxeidze müvafiq təcrübəyə malik tanış biznesmenlə əlaqə saxlayıb. O, satınalmanın elə formada elan edilməsini təklif edib ki, bu, həmin şəxslə əlaqəli şirkətin istənilən qiymətlə qalib gəlməsini zəmanətli şəkildə təmin etsin. Bunun müqabilində isə müqavilənin ümumi dəyərinin 10 faizinin nağd pul şəklində ona verilməsini tələb edib.

Vasili Mxeidze ilə əlaqəli şəxs ilkin mərhələdə cinayətkar razılaşmadan çəkinərək yüksək vəzifəli şəxslərdən daha çox təminat tələb etdikdən sonra, o vaxtkı müdafiə naziri Juanşer Burçuladze hesabatlı şəxs kimi həmin vaxtkı Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə razılaşıb ki, Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalmalar elə formada həyata keçirilsin ki, yuxarıda adı çəkilən sahibkarla əlaqəli şirkətlərin istənilən qiymətlə zəmanətli şəkildə qalib gəlməsi təmin edilsin. Bunun müqabilində isə onlar əhəmiyyətli məbləğdə qanunsuz maliyyə gəliri əldə etsinlər.

İrakli Qaribaşvilidən tam xidməti himayə aldıqdan sonra Qaribaşvili öz növbəsində müvafiq maddi gəlirin ona da verilməsini tələb edib və seçilmiş biznesmenin bu cür məsələlərdə etibarlı olduğunu təsdiqləyib. Juanşer Burçuladzenin göstərişi ilə Gürcüstanın müdafiə nazirinin həmin vaxtkı müavini Giorgi Xaindrava və Satınalmalar Departamentinin həmin vaxtkı rəhbəri Vladimir Quduşauri nazirlik tərəfindən 'Giorgi Abramişvili adına Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Hospitalı' üçün müxtəlif tibbi avadanlıq və inventarın satın alınması prosesində məqsədyönlü hərəkətlərlə rəqabətsiz mühit yaradıblar.

Nəticədə real olmayan sövdələşmələr bağlamaq yolu ilə məxfi satınalma müqavilələri üzrə alınacaq mal və xidmətlərin dəyəri süni şəkildə artırılıb. Üç məxfi satınalma zamanı yuxarıda adı çəkilən şəxslərlə əlaqəli şirkətlər real dəyəri 11 milyon 499 min 705 lari olan tibbi avadanlıq və digər inventarı Gürcüstan Müdafiə Nazirliyinə 18 milyon 484 min 960 lariyə təqdim ediblər.

Yuxarıda qeyd olunan satınalmalar, eləcə də müvafiq təminatlar və himayə müqabilində satınalmalarda iştirak edən biznesmen bir neçə mərhələdə Vasili Mxeidzeyə müqavilələrin ümumi dəyərinin təxminən 10 faizi - 1 milyon 900 min lari məbləğində nağd pul verib. Vasili Mxeidze bunun 400 min larisini şəxsi gəliri kimi saxlayıb, qalan məbləği isə tam şəkildə Juanşer Burçuladzeyə verib. Burçuladze rüşvət kimi aldığı 1 milyon 500 min larinin 750 min larisini özü saxlayıb, digər yarısını - 750 min larini isə bir neçə mərhələdə rüşvət şəklində nağd olaraq İrakli Qaribaşviliyə verib.

Yuxarıda göstərilən əməllər nəticəsində dövlətə böyük məbləğdə - 6 milyon 985 min 255 lari maddi ziyan dəyib və ictimai maraq əhəmiyyətli dərəcədə pozulub.

Prokurorluq İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin 'a' və 'c' bəndləri, həmçinin üçüncü hissəsinin 'e' bəndi ilə ittiham irəli sürüb. Bu maddə dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən qrup halında xüsusilə külli miqdarda rüşvət alınmasını nəzərdə tutur və cəza olaraq 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə müəyyən edir.

İş üzrə adı keçən digər vəzifəli şəxslərə gəlincə, ictimaiyyətə xatırladırıq ki, onlar yuxarıda qeyd olunan faktlarla əlaqədar artıq məhkəmə tərəfindən təqsirli biliniblər və müvafiq cəzalar alıblar. O cümlədən Juanşer Burçuladze 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan Prokurorluğu İrakli Qaribaşvili ilə bağlı iş üzrə məhkəməyə yalnız ilkin məhkəmə iclasının tarixinin müəyyənləşdirilməsi barədə vəsatətlə müraciət edəcək. Çünki o, artıq başqa cinayət işi üzrə çıxarılmış ittiham hökmü əsasında cəzasını çəkir”, - deyə Prokurorluqda qeyd edilib.

ŞƏRH YAZ
3