Aksiz vergisi dərəcəsi iki dəfə azaldılsa, yanacaq nə qədər ucuzlaşacaq?
10.10.2026 09:22
452
İqtisadiyyat
A
Aksiz vergisi dərəcəsi iki dəfə azaldılsa, yanacaq nə qədər ucuzlaşacaq?

Son bir neçə aydır Gürcüstanda yanacağın qiyməti artır, bahalaşma günlər və həftələr aralığında mərhələli şəkildə davam edir. Təkcə sentyabr ayında benzinin qiyməti 14-31 tetri, dizelin qiyməti isə 30-52 tetri artıb. Avqust-sentyabr aylarında benzin 42 tetriyə qədər, dizel isə 91 tetriyə qədər bahalaşıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, qiymət artımı tendensiyası oktyabr ayında da davam edir. Nəticədə, hazırda dizelin bir litrinin qiyməti 5,07 lariyə, Super benzinin qiyməti 4,65 lariyə, Premium benzinin qiyməti 4,33 lariyə, Regular benzinin qiyməti isə 4,08 lariyə çatıb.

Mövcud qiymətlər fonunda yanacağa tətbiq olunan aksiz vergisinin azaldılması istehlakçılar üçün qiymətlərin aşağı salınmasının mümkün yollarından biri ola bilər.

Hazırda Gürcüstanda benzinin hər litrinə görə aksiz vergisi təxminən 37 tetri, dizelə görə isə 34 tetri təşkil edir. Bu vergiyə əlavə olaraq 18%-lik əlavə dəyər vergisi (ƏDV) də tətbiq olunur. Nəticədə, benzinə tətbiq edilən aksiz vergisi və həmin vergi üzrə hesablanan ƏDV birlikdə benzinin bir litrini təxminən 43-44 tetri bahalaşdırır. Dizel üçün isə bu məbləğ 40 tetriyə çatır.

Əgər benzinə tətbiq olunan aksiz vergisi yarıya endirilərək 2017-ci ildən əvvəlki səviyyəyə qaytarılarsa, yəni hər ton üçün 500 lari əvəzinə 250 lari müəyyən edilərsə, ƏDV də nəzərə alınmaqla benzinin bir litrinin qiyməti 22 tetri ucuzlaşar. Dizelə tətbiq olunan aksiz vergisinin yarıya endirilməsi də oxşar nəticə verər. Bu halda vergi hər ton üçün 400 laridən 200 lariyə endirilər və ƏDV nəzərə alınmaqla dizelin pərakəndə satış qiyməti hər litr üçün təxminən 20 tetri azalardı.

Beləliklə bu gün, 9 oktyabr Baş nazir İrakli Kobaxidze jurnalistlərə müsahibəsində hazırda yanacağa tətbiq olunan aksiz vergisinin azaldılması məsələsinin müzakirə edilmədiyini bildirib. Onun sözlərinə görə, yanacağın bahalaşması Yaxın Şərqdə davam edən münaqişə ilə əlaqədardır. Baş nazirin gözləntisinə görə, münaqişənin tənzimlənməsi qiymətlərin də aşağı düşməsinə kömək edəcək.

Xatırladaq ki, yanacağa tətbiq olunan aksiz vergisindən dövlət büdcəsinə daxilolmalar getdikcə artır. Maliyyə Nazirliyinin xəzinə məlumatlarına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında idxal olunan yanacağa tətbiq edilən aksiz vergisi hesabına büdcəyə 509,57 milyon lari daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 447,08 milyon lari təşkil edib. Artım 62,49 milyon lari və ya təxminən 14% olub.

Cari ilin ilk səkkiz ayında ümumilikdə idxal olunan məhsullara tətbiq edilən aksiz vergisi hesabına dövlət büdcəsində 1,571 milyard lari toplanıb. Bu məbləğin 32,4%-dən çoxu yanacağa tətbiq edilən aksiz vergisinin payına düşür.

ŞƏRH YAZ
3