Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili həbsxanadan daha bir məktub yayıb.
Aktual.ge xəbər verir ki, keçmiş Baş nazir bu gün, 25 avqust ona qarşı irəli sürülmüş məhkəmə prsesində niyə iştirak etmədiyini açıqlayıb.
O, məhkəmə iclaslarına getməyin mənasını görmədiyini qeyd edib.
“Dünən hakimiyyət ötən həftə tərəfimdən yayımlanan məktubun həqiqiliyini özü təsdiqlədi. Cəmiyyətə bir daha demək istəyirəm ki, bu prosesdən yayınmaq üçün hər şeyi sınadım və maksimum səy göstərdim, lakin amansız reallıqla üz-üzə qaldım.
Bu, mənə qarşı amansız siyasi mübarizə, ədalətsizlik və şərdir. Mən artıq bu biabırçı və ölkəmiz üçün təhqiramiz siyasi maskaradda iştirak etmək niyyətində deyiləm. Buna görə də məhkəmə prosesində iştirak etməyəcəyəm. Mənim maraqlarımı yalnız vəkillərim təmsil edəcək və müdafiə edəcəklər.Bununla yanaşı, bildirirəm ki, bu qərarımla heç kimi - nə prokurorları, nə də hakimləri təhqir etmirəm. Sadəcə, bu siyasi proses olduğu və siyasi prosesi sistemin necə və hansı şəkildə idarə etdiyini bildiyim üçün məhkəmə iclaslarına getməyin və siyasi maskaradda iştirak etməyin mənasını görmürəm. Mən artıq sizin tamaşanızda iştirak etmirəm. Sizin tərəfinizdən həyata keçirilən psixoloji və mənəvi təzyiq metodları ilə hansı məhbusu/girovu mənim haqqımda nələr yazmağa məcbur edəcəyiniz və mənə hansı ittihamları irəli sürəcəyiniz də artıq məni maraqlandırmır.
Baş verməli olan artıq baş verib. Buna görə də mənim yeganə yolum və mübarizə vasitəm öz həqiqətimdir. Mən cəmiyyətlə açıq şəkildə danışmaq və öz həqiqətimi söyləmək niyyətindəyəm. Qoy, xalq mühakimə etsin!” , - deyə İrakli Qaribaşvili qeyd edib.
Qeyd edək ki, həbsdə olan Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşviliyə qrup halında xüsusilə külli miqdarda rüşvət alma işi üzrə yeni ittiham avqustun 24-də irəli sürülüb.