Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları narkotiklərlə əlaqəli cinayətə görə 8 nəfəri saxlayıblar.
Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Qurumun məlumatına görə, qrup halında xüsusilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanılması, satışına yardım göstərilməsi, həmçinin tərkibində narkotik vasitə olan bitkilərin qanunsuz kultivasiyasında ittiham olunan şəxslər arasında Gürcüstan və xarici ölkə vətəndaşları var.
"Cinayət işi üzrə keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər narkotik vasitələri əvvəlcədən seçilmiş konkret yerlərdə yerləşdirir, daha sonra isə müvafiq koordinatları və həmin yerləri göstərən fotoları maraqlı şəxslərə göndərirdilər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış mənzillərində aparılan axtarışlar, həmçinin onların göstərdiyi 44 ünvandan sübut kimi satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürüblər. Onların arasında 'metadon', 'mefedron', 'alfa-PVP', 'MDMA', 'həşiş', 'ketamin' və 'marixuana' olub.
İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar, həmçinin ehtimal olunan narkotik satışından əldə edilmiş pul vəsaiti də götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260, 260¹ və 261-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur" , - məlumatda deyilir.