Hökumət “küçə sövdələşmələri”nə görə cinayət məsuliyyətinin tətbiqini nəzərdə tutan qanun layihəsini parlamentdən geri çağırıb.
Aktual.ge xəbər verir ki, söhbət “Cinayət Məcəlləsi”nə dəyişikliklərdən gedir. Dəyişikliklərə əsasən, cinayət qanunvericiliyinə yeni – 226¹-ci maddənin, “Mübahisənin qanunsuz həlli məqsədilə toplaşma” maddəsinin əlavə edilməsi və bu əmələ görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi nəzərdə tutulurdu.
Qanun layihəsi Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb və müzakirəyə 2019-cu ilin fevralında parlamentə təqdim edilib. Qanun layihəsi yalnız birinci oxunuşdan keçib.
Büronun iclasında Hüquq Məsələləri Komitəsinin sədri Arçil Qorduladze layihənin parlamentdən geri çağırılmasının səbəbi kimi onun “əhəmiyyətli dərəcədə yenidən işlənməsinə” ehtiyac olduğunu bildirib.
“Bu təşəbbüs Gürcüstan hökuməti tərəfindən iki çağırış əvvəlki parlamentə təqdim edilib və müvafiq şəkildə yenidən işlənməsinə ehtiyac var. Layihə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb. 'Oğru toplantıları' ilə bağlı yeni tənzimləmələr təklif olunmuşdu, lakin layihənin əhəmiyyətli dərəcədə yenidən işlənməsinə ehtiyac var. Buna görə də onun geri çağırılması və daha sonra yenidən işlənmiş redaksiyanın təqdim olunması məqsədəuyğundur.
Mövcud qanunvericilik məkanı mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparmağa imkan verir və cəmiyyət də bunu görür. Dövlətin mütəşəkkil cinayətkarlığa qarşı mövqeyi sərtdir və bu yanaşma davam etdiriləcək”, – deyə Qorduladze Büronun iclasında bildirib.