Husilər Səudiyyə Ərəbistanının şərqində yerləşən Zəhran şəhərində dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco”ya məxsus inzibati binaya raket zərbəsi endirildiyi bildirilir.
Aktual.ge xəbər verir ki, hücum nəticəsində binada yanğın baş verib, yuxarı mərtəbələrə ziyan dəyib. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə, oktyabrın 13-də axşam saatlarında Zəhran şəhərindəki “Saudi Aramco”ya məxsus inzibati binalardan biri hücuma məruz qalıb. Zərbədən sonra binada məhdud miqyaslı yanğın baş verib. Hadisə yerinə gələn müvafiq qurumların əməkdaşları yanğını nəzarətə götürərək təhlükəsizlik tədbirləri görüblər.
“Reuters” agentliyinin şirkət mənbələrinə istinadən yaydığı məlumata görə, “Saudi Aramco”nun Zəhrandakı baş qərargah kompleksində yerləşən ofis binasına ballistik raket düşüb. Nəticədə binanın yuxarı üç mərtəbəsinə ziyan dəyib.
Həmin kompleks şirkətin neft yataqları, boru kəmərləri, neft emalı zavodları və ixrac terminalları ilə bağlı əməliyyatlarının idarə olunmasında mühüm rol oynayır.