Marneulidə köhnə binaların eyvanları uçur, Daur İsmayılov isə “Büdcə yoxdur” deyir - VİDEO
16.10.2026 21:15
932
Hadisə
A
Marneulidə köhnə binaların eyvanları uçur, Daur İsmayılov isə “Büdcə yoxdur” deyir - VİDEO

Marneulidə köhnə beşmərtəbəli binaların eyvanları həyəcan təbili çalır.

Sovetlər dövründə tikilmiş Marneulidəki beşmərtəbəli binaların texniki vəziyyəti ilə bağlı illərdir monitorinq və texniki baxışların keçirilməməsi narahatlıq doğurur. Son iki həftə ərzində Marneulidə iki köhnə beşmərtəbəli binanın eyvanının fasad hissəsində qəza baş verib. Xoşbəxtlikdən, hər iki hadisə insan tələfatı olmadan ötüşüb.

Dünən axşam saatlarında Marneulinin Rustaveli 88 ünvanında yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki eyvanın fasad hissəsində baş verən qəza yerli sakinlər arasında təşvişə səbəb olub.

Sakinlər Marneuli Meriyasından kömək gözlədiklərini bildirir, digər mənzillərdəki eyvanların da qəzalı vəziyyətdə olduğunu deyirlər. Onlar, həmçinin binanın ətrafının bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

Marneuli meri Daur İsmayılov isə oktyabrın əvvəlində Marneulinin Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli binanın mənzillərindən birinin eyvanında baş verən qəza ilə bağlı yerli mediaya açıqlamasında bildirmiş ki, binaların eyvanlarının bərpası üçün hazırda büdcə vəsaiti yoxdur.

Daur İsmayılov köhnə beşmərtəbəli binaların eyvanlarının bərpası üçün təxminən 3 milyon 500 min lari vəsaitə ehtiyac olduğunu bildirmişdi.

Yerli sakinlər isə Marneuli merinin büdcə vəsaitinin yetərsiz olması ilə bağlı fikri ilə razılaşmırlar.

Məlumat üçün bildirək ki, Marneuli Meriyasının 2026-cı il üçün təsdiqlənmiş büdcəsi 97 milyon 882 min lari təşkil edir.

Daha ətraflı Natela Əlləzovanın video süjetini təqdim edirik:

ŞƏRH YAZ
11