“Patriotlar Alyansı” partiyasının lideri İrma İnaşvili həbsdə olan sabiq Baş nazir İrakli Qaribaşvilinin azadlığa çıxa biləcəyini istisna etmir.
Aktual.ge xəbər verir ki, o, bu ehtimalı bu gün, 17 oktyabr “Gürcü Arzusu”nda Bidzina İvanişvilinin rəhbərliyi ilə keçirilən çoxluq iclasından sonra Baş nazir İrakli Kobaxidzenin müvafiq sözlərinə istinadən verib.
Onun sözlərinə görə, Bidzina İvanişvilinin rəhbərlik etdiyi partiyada sabiq baş nazirə münasibətdə ritorika dəyişib.
İrma İnaşvili ehtimal edir ki, Qaribaşviliyə “məhkəmədə öz həqiqətini təsdiqləmək” imkanı verilə bilər.
“Kobaxidzenin bu gün Qaribaşvili ilə bağlı verdiyi açıqlama çox maraqlıdır – İvanişvili nə deyib və ‘ürək ağrısı keçirdiyini’ ifadə edib və s. Qaribaşvilinin başına nə gəldiyini və Kobaxidze-Mdinaradze qrupunun Qaribaşviliyə qarşı hansı rolu oynadığını çox yaxşı bilən İvanişvili Qaribaşvili haqqında heç bir mənfi fikir səsləndirməyib. Beləliklə, qarşıda bizi çox maraqlı proses gözləyir və bu proses Qaribaşviliyə hüquqi baxımdan öz həqiqətini təsdiqləmək imkanı veriləcəyini həqiqətən də istisna etmir”, – deyə o iddia edib.
Xatırladaq ki, bu gün iclasdan sonra İrakli Kobaxidze jurnalsitlərin İrakli Qaribaşvili barədə sualını cavablandırarkən deyib:
“Baş verənlər hamımız, o cümlədən ilk növbədə Bidzina İvanişvili üçün ürəkağrısıdır. Belə proseslərin inkişaf etməsi və komandanın keçmiş üzvlərinin konkret cinayətlərə görə cəza çəkməsi təəssüf doğurur”.