Müxalif "Avropalı Gürcüstan" partiyasının Marneuli qərargahının sədri Əhməd İmamquliyev “Mühafizəkar hərəkat”ı tərəfdarlarının ictimai fəal Samirə Bayramovanı, "Vahid Milli Hərəkatı" və mənsubu olduğu partiyanı hədələməsinə münasibət bildirib.
O, Aktual.ge xəbər portalına müsahibəsində deyib: "Onlar Gürcüstanda etnik və dini qarşıdurma istəyirlər".
"Bu, müxtəlif fikirlərinə görə əhaliyə hücum edən “Alt-İnfo” qruplarından biridir və onların Tbilisidə törətdikləri əməlləri hamımız xatırlayırıq. Onlar reallığı əldən veriblər, bu, rusiyapərəst qüvvə Gürcüstanda dövlətçiliyimizi təhlükəyə atmağa hər cür cəhd edir. Bu hərəkatın ləğv olunması ilə əlaqədar, artıq petisiya yaradılıb, yəni Gürcüstanda bu, hərəkatın qadağan olunması tələbi var, çünki onlar rusiyapərəstdirlər və rusiyapərəstlər Gürcüstanda tək bir şeyi qızışdırmaq istəyirlər: Mübahisə və dövlət əleyhinə hərəkətlər etmək",-deyə Ə.İmamquliyev qeyd edib.
Onun sözlərinə görə, sözügedən hərəkat Gürcüstan hökuməti və Rusiyanın tapşırıqlarını yerinə yetirir.
"Mən onların Marneulidə çəkdiyi video açıqlamanı yerli media saytları vasitəsilə gördüm və onlar təkcə 'Milli Hərəkat' və 'Avropalı Gürcüstan' haqqında deyil, həm də həmin 15 partiya haqqında həqiqətən təhqiramiz sözlər dedilər. Onlar demokratiyanın inkişafında təhlükə görürlər və biz onlara hüquqi yolla cavab verməliyik, müvafiq petisiyanı imzalamalıyıq. Onlar Gürcüstanda etnik və dini qarşıdurma istəyirlər, lakin buna nail ola bilmirlər, çünki ilk növbədə, biz hamımız Gürcüstan vətəndaşıyıq, milliyyətimizdən, dinimizdən asılı olmayaraq, hamımız dövlətimizin yanında olacağıq və imkan verməyəcəyik ki, onlar dövlətimizə, Gürcüstanımıza, demokratik gələcəyimizə rusiyapərəst qüvvələr zərər vursun. Onlardan hər şey gözlənilir, 5 iyul hadisələrini, jurnalistlərə hücumu xatırlayırıq. Onlar zorakılıq törədənlərdir və onlar Rusiya və bizim hökumətin tərəfindən verilən əmri yerinə yetirirlər",-deyib Ə.İmamquliyev.
Nə baş verdi?
14 mart tarixində ictimai fəal Samirə Bayramova "Mühafizəkarlar Hərəkatı"nın Marneuli ofis binasının fasadında boya ilə Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkib, “Rusiya işğalçıdır” sözlərini yazıb. Buna etiraz olaraq isə 16 mart tarixində "Mühafizəkarlar Hərəkatı"nın üzvləri Marneulidə "Vahid Milli Hərəkat" partiyasının ofisinin qarşısında video mesaj ünvanlayaraq S.Bayramovanı sözügedən partiyanın bələdiyyə deputatı adlandıraraq 2 gün vaxt veriblər ki, qərargahlarının pəncərələrinə yazdıqlarını silsin və yeni bannerlərlə əvəzləsin. Onlar bundan əlavə "Vahid Milli Hərəkat" və "Avropalı Gürcüstan"ı da sərt sözlərlə tənqid ediblər.