Əbu-Dabidə Gürcüstanda misilsiz – 6 milyard ABŞ dolları həcmində sərmayənin həyata keçirilməsini nəzərdə tutan memorandum imzalanıb.
Aktual.ge xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu razılaşma Gürcüstanın iqtisadi inkişafı üçün xüsusi əhəmiyyətə malik olacaq.
"Biz Birləşmiş Ərəb Əmirliklərində çox maraqlı görüşlər keçirdik. İlk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, Əbu-Dabinin rəhbəri ilə görüşdük. Bundan əlavə, nazirlərlə, hökumət üzvləri ilə çox maraqlı görüşlərimiz oldu. Ölkələr arasında əlaqələrin müxtəlif aspektlərini, siyasi əməkdaşlığı müzakirə etdik. İqtisadi layihələr barəsində çox geniş fikir mübadiləsi apardıq. İki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirə biləcəyimiz konkret və çox maraqlı istiqamətlər müəyyən edildi.
Xüsusilə qeyd etmək istəyirəm ki, bu gün ölkəmizdə misilsiz sərmayənin həyata keçirilməsini nəzərdə tutan bir memoranduma imza atdıq. Bu, Gürcüstanda həyata keçiriləcək 6 milyard ABŞ dolları həcmində bir sərmayədir. Bu sərmayəni investisiya sahəsində böyük təcrübəyə malik olan tanınmış EMAAR qrupu həyata keçirəcək.
Çox maraqlı bir layihə həyata keçiriləcək. Bu, çoxfunksiyalı inkişaf layihəsidir. Tbilisidə, digər tərəfdən isə Batumidə və Qonioda çoxfunksiyalı infrastruktur inkişaf etdiriləcək. Təbii ki, bütün bunlar ölkəmizin iqtisadi inkişafına böyük töhfə verəcək, iqtisadi artım tempini daha da sürətləndirəcək, yeni iş yerləri yaradılacaq və bu, digər investorların da ölkəmizə cəlb olunmasına daha çox şərait yaradacaq" , - deyə İrakli Kobaxidze qeyd edib.