Gürcüstanda işsiz olanların sayı açıqlandı
20.02.2025 00:40
1245
İqtisadiyyat
A
Gürcüstanda işsiz olanların sayı açıqlandı

2024-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi illik 1.1% azalaraq 14.2% təşkil edib.

Aktual.ge xəbər verir ki, Hesabat dövründə muzdla çalışanların sayı illik 20.1 min nəfər (2.1%) artaraq 978.5 min nəfərə çatıb, özünü məşğul şəxslərin sayı isə 19.7 min nəfər (4.8%) artaraq 433.5 min nəfərə yüksəlib. Eyni zamanda, işsizlərin sayı 14.7 min nəfər (5.9%) azalaraq 233.9 min nəfər olub.

"Dördüncü rübdə işçi qüvvəsində iştirak səviyyəsi (15 yaş və yuxarı əhalinin ümumi işçi qüvvəsindəki payı) illik 0.6% artaraq 54.9% təşkil edib, məşğulluq səviyyəsi isə 1.1 faiz bəndi artaraq 47.1%-ə çatıb. Şəhər tipli yaşayış məntəqələrində işçi qüvvəsində iştirak səviyyəsi 0.2 faiz bəndi, kənd yerlərində isə 1.2 faiz bəndi artıb.

Məşğulluq səviyyəsi şəhər yerlərində 1.0 faiz bəndi, kənd yerlərində isə 1.4 faiz bəndi yüksələrək müvafiq olaraq 48.5% və 45.2% təşkil edib. 2024-cü ilin IV rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə muzdla işləyənlərin ümumi məşğul əhalidəki payı 0.5 faiz bəndi azalaraq 69.3% olub", - deyə Gürcüstan Statistika Xidmətinin hesabatında qeyd edilir.

Qeyd olunub ki, işsizlik səviyyəsi ənənəvi olaraq kişilər arasında qadınlarla müqayisədə daha yüksəkdir. Dördüncü rübdə illik göstərici qadınlar arasında 2.4%, kişilər arasında isə 0.1% azalıb. Nəticədə, qadınlar arasında işsizlik səviyyəsi 11.1%, kişilər arasında isə 16.7% təşkil edib.

"İşçi qüvvəsində iştirak səviyyəsi kişilər arasında qadınlarla müqayisədə daha yüksəkdir. 2024-cü ilin IV rübündə bu göstərici qadınlar arasında 45.1%, kişilər arasında isə 66.3% təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 0.7 faiz bəndi, kişilər arasında isə 0.4 faiz bəndi artıb", - hesabatda bildirilir.

Bundan əlavə, məşğulluq səviyyəsi qadınlar arasında 1.7%, kişilər arasında isə 0.4% artıb.

ŞƏRH YAZ
16