Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Giorgi Baçiaşvilini saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə məlumatı DTX yayıb.
“2025-ci il mayın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olan anonim məlumat əsasında məlum olub ki, Qırmızı Körpü və Sadaxlı arasında yerləşən, “yaşıl sərhəd” adlanan ərazidə hərəkət edən şəxs — Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşlığı olan Giorgi Baçiaşvili — İnterpolun qırmızı bildirişi ilə axtarışda olan və məhkum edilmiş şəxsdir.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxs saxlanılıb.
İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi aparır və Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə (sərhədin qanunsuz keçilməsi) cinayət işi başlanıb. Bu maddə üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Dövlət Təhlükəsizliyi Xidməti göstərilən dəstəyə görə Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşlarına təşəkkürünü bildirir”, – deyə DTX-nın açıqlamasında qeyd olunur.
Məlumat üçün bildirək ki, Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvili 'Gürcü Arzusu'nun təsisçisi Bidzina İvanişviliyə məxsus olan 8 min 986 bitkoini mənimsəməkdə ittiham olunur. Bu ilin yanvar ayının 23-də Tbilisi Şəhər Məhkəməsindəki çıxışı zamanı prokuror Mixeil Sadradze deyib ki, bitkoinlərin dəyəri 2017-ci ildə təxminən 43 milyon ABŞ dollarına bərabər idi. Prokurorun sözlərinə əsasən, Baçiaşviliyə qarşı irəli sürülən ittihamlar sübutlarla təsdiqlənir və sübutların əksər hissəsi sənədlərdən ibarətdir.
Giorgi Baçiaşvili isə irəli sürülən ittihamları qəbul etmir. O, bu ilin martın ayının 4-də Gürcüstanı tərk etmişdi, bundan sonra məhkəmə onu "Bitcoin" işində 11 il həbs cəzasına məhkum etmişdi.