Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin və Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən birgə keçirilmiş polis tədbiri nəticəsində müxtəlif ağır cinayətlərdə təqsirləndirilən 7 nəfər saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.
Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər gecə saatlarında Rusiya Federasiyası vətəndaşlarının yaşadığı mənzilə aldadaraq – guya qaz sızmasını yoxlamaq məqsədilə gəliblər.
“Onlar soyuq silahdan istifadə edərək və öldürməklə hədələyərək Rusiya Federasiyası vətəndaşlarından 2 000 ABŞ dolları məbləğində pul, həmçinin mobil telefonlar və noutbuk alıblar. Bundan sonra zərərçəkənlərə fiziki zorakılıq tətbiq edib onlardan əlavə olaraq 300 000 ABŞ dolları tələb ediblər, əks halda onları öldürəcəkləri ilə hədələyiblər. Bir neçə saat sonra isə zərərçəkənlər silah hədəsi ilə müxtəlif avtomobillərə mindirilərək Marneuli bələdiyyəsi istiqamətində aparılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi üzrə keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində yeddi nəfərin hamısını təqsirləndirilən şəxs qismində Marneuli və Qori şəhərlərində saxlayıblar.
Cinayətdə mümkün iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanılması məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Araşdırma Cinayət Məcəlləsinin 144-cü və 179-cu maddələri ilə aparılır. Bu maddələr əvvəlcədən əlbir olan qrup tərəfindən iki və ya daha çox şəxsə qarşı, maddi maraq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq etməklə girov götürmə və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə qrup halında, mənzilə qanunsuz daxil olmaqla törədilmiş quldurluğu nəzərdə tutur və 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, - DİN-in məlumatında qeyd olunub.