İyun ayından Gürcüstanda bu dəyişikliklər qüvvəyə minəcək
Bugün
1227
Maraqlı
A
İyun ayından Gürcüstanda bu dəyişikliklər qüvvəyə minəcək

Bu ilin iyun ayından etibarən Gürcüstanda bir neçə yeni tənzimləmənin qüvvəyə minməsi planlaşdırılır. Dəyişikliklər ictimai məkanda fikir ifadə edilməsini, ümumi səhiyyə şərtlərini, sürücülük vəsiqəsi imtahanı qaydalarını, eləcə də turizm sektoru nümayəndələrini əhatə edəcək.

Aktual.ge 2026-cı ilin iyun ayında qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklər barədə məlumatı təqdim edir:

İctimai məkanda bəyanatların monitorinqi

2026-cı il iyunun 1-dən etibarən ictimai məkanda təhqiramiz və ləyaqəti alçaldan bəyanatların monitorinqinə və onlara qarşı hüquqi tədbirlərin görülməsinə başlanılacaq. Bu funksiya Daxili İşlər Nazirliyinin nəzdindəki İnsan Hüquqlarının Müdafiəsi Departamentinə həvalə edilib.

İnsan Hüquqlarının Müdafiəsi Departamentinin vəzifəsi həmçinin açıq şəkildə zorakılığa və ya nifrətə çağırış edən, cinayət tərkibli faktlara vaxtında reaksiya vermək və araşdırmanın səmərəliliyini təmin etmək olacaq.

Sürücülük vəsiqəsi imtahanının qaydaları dəyişir

2026-cı il iyunun 15-dən Gürcüstanda sürücülük vəsiqəsi imtahanının qaydaları dəyişir. Daxili işlər nazirinin əmrinə əsasən, yeni qaydalar həm nəzəri, həm də praktiki imtahanlara şamil olunacaq.

Xüsusilə, əmrə əsasən, B və B1 kateqoriyası üzrə nəzəri imtahanda namizədə 30 suallıq testdə maksimum 5 səhv etməyə icazə veriləcək. Namizəd 30 dəqiqə ərzində ən azı 25 düzgün cavab verərsə, imtahandan keçmiş sayılacaq. Bundan əvvəl isə mütləq 27 düzgün cavab tələb olunurdu.

Bununla yanaşı, praktiki imtahanın qiymətləndirilməsi qaydası da dəyişir. Yeni tənzimləməyə görə, əgər namizəd müəyyən bir tələbi ilk dəfə qeyri-qənaətbəxş yerinə yetirərsə, imtahan götürən şəxs ona səhvini düzəltmək üçün əlavə imkan yarada biləcək.

Bundan əlavə, praktiki imtahanda yüngül səhvlərin buraxılma həddi artırılır. Əgər əvvəllər namizədin imtahanda yalnız 12 yüngül səhv etmək hüququ var idisə, artıq 15 və ya daha çox yüngül səhv qeydə alındıqda imtahandan kəsiləcək.

Sənəddə qeyd olunduğu kimi, dəyişikliklər praktiki imtahanın ikinci mərhələsi üçün növbələrin rezervasiyasına da aiddir. Əmrə əsasən, Xidmət Agentliyi növbələrin daha bərabər paylanması üçün xüsusi alqoritm vasitəsilə namizədlərin yerlərini müəyyənləşdirəcək.

Həmçinin Xidmət Agentliyinin məlumatına görə, 2026-cı ilin iyun ayından etibarən birincidən beşinci günə qədər (bazar ertəsindən cümə gününədək) yalnız planlı imtahanlar keçiriləcək. Planlaşdırılmamış (növbədənkənar) imtahana gəlincə, vətəndaşlar bu imtahanı yalnız şənbə günləri verə biləcəklər.

Müəyyən şəxslər ümumi səhiyyə proqramından artıq yararlana bilməyəcəklər

2026-cı il iyunun 1-dən etibarən Gürcüstan hüdudlarından kənarda fasiləsiz olaraq 6 aydan çox müddətdə qalan şəxslər artıq ümumi səhiyyə proqramından yararlana bilməyəcəklər. Hökumət müvafiq qərarı yanvar ayında qəbul edib.

"2026-cı il iyunun 1-dən etibarən icraçı qurum tərəfindən hər ay, ölkə hüdudlarından kənarda fasiləsiz olaraq 6 ay və daha çox müddətdə olan benefisiarların ümumi səhiyyənin planlı ambulator xidməti çərçivəsində benefisiarların qeydiyyatı modulundan qeydiyyatının dayandırılması həyata keçirilsin.

İstifadəçinin yenidən qeydiyyatı Gürcüstan Hökumətinin 21 fevral 2013-cü il tarixli, 36 nömrəli 'Ümumi səhiyyəyə keçid məqsədilə həyata keçiriləcək bəzi tədbirlər haqqında' qərarı ilə təsdiq edilmiş proqramın 23-cü maddəsinin 4-cü bəndində müəyyən olunmuş şərtlərə uyğun olaraq həyata keçirilir", - deyə qərarda qeyd olunub.

Bələdçilərin sertifikatlaşdırılması məcburi olur

2026-cı ilin iyun ayından etibarən bələdçilərin (gidlərin) sertifikatlaşdırılması öhdəliyi qüvvəyə minəcək. Bu qaydanın pozulmasına görə müəyyən cərimələr də nəzərdə tutulub.

Xüsusilə, bu öhdəlik dağ bələdçisi, xizək bələdçisi və alpinizm bələdçisi fəaliyyəti ilə məşğul olan şəxslərə şamil olunacaq.

ŞƏRH YAZ
3