“Ümid edirəm ki, Gürcüstan məsələsində mövcud kursun dəyişdiyini görəcəyik”.
Aktual.ge xəbər verir ki, bunu ABŞ dövlət katibi Marco Rubio ABŞ Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı respublikaçı konqresmen Joe Wilsonun sualını cavablayarkən deyib.
“İranyönlü rejim və Çin Kommunist Partiyasını dəstəkləyən ‘Gürcü Arzusu’nun qeyri-legitim hökuməti ABŞ-ın regiondakı imkanları üçün təhlükə yaradır. Gürcüstanda seçkilər saxtalaşdırılıb. Bundan əlavə, onlar İranın ‘İslam İnqilabı Keşikçiləri Korpusu’nun sanksiyalardan yayınmasına kömək edirlər. Sizcə, Gürcüstan Respublikasında ‘Gürcü Arzusu’ hökumətinin dəstəklədiyi sürətli radikallaşmanı aradan qaldırmaq üçün nə etmək lazımdır?”
Konqresmenin sualına cavab olaraq ABŞ dövlət katibi deyib ki, Vaşinqtonun müəyyən narahatlıqları var, lakin ABŞ ümid edir ki, Gürcüstanın hazırkı siyasi kursunda dəyişiklik müşahidə olunacaq.
“Gürcüstana gəlincə... Siz haqlısınız. Sadaladığınız bütün məsələlər bizim mövcud narahatlıqlarımızdır. Bununla yanaşı, onlar ABŞ ilə münasibətləri yaxşılaşdırmaq istədiklərini göstərən müəyyən addımlar atıblar. Biz onlara bunun üçün nələrin lazım olacağını, hansı tələblərin olduğunu izah etmişik. Bu istiqamətdə bəzi müsbət cavablar da almışıq.
Ona görə də ümid edirik ki, Gürcüstan məsələsində hazırkı trayektoriyanın dəyişdiyini görəcəyik. Əlbəttə, qeyd etdiyiniz bütün məsələləri anlayırıq və bunlar bizim üçün problemlər olaraq qalır. Onlar bizdən ABŞ ilə daha yaxşı münasibətlər qurmaq üçün nə etməli olduqlarını soruşdular. Biz cavab verdik və ümid edirik ki, bu əsasda irəliləyiş əldə edəcəyik. Beləliklə, təkcə ABŞ-Gürcüstan münasibətlərinin istiqamətini deyil, həm də onların davranışını dəyişməyə nail ola biləcəyik”, - Rubio söyləyib.