SON DƏQİQƏ! Xüsusi əməliyyatla 21 saxlanılıb - VİDEO
Bugün
774
Siyasət
A
SON DƏQİQƏ! Xüsusi əməliyyatla 21 saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birlikdə son 24 saat ərzində Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində keçirilən polis əməliyyatları nəticəsində, məhkəmə qərarı əsasında “oğru dünyası” ilə əlaqəli 21 nəfəri saxlayıb, daha 9 nəfərə isə ittiham irəli sürülüb – onların bir hissəsi penitensiar müəssisədə, bir hissəsi isə qiyabi qaydada, o cümlədən xaricdə olan bir nəfər kriminal avtoritetə qarşı.

Aktual.ge xəbər verir ki, bu barədə DİN-in rəsmi saytında məlumat verilib.

"Hüquq-mühafizə orqanlarının məhkəmə qərarı əsasında intensiv rejimdə həyata keçirdiyi gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, cinayət işi üzrə ittiham olunan şəxslər maliyyə mübahisələrini həll etmək üçün ‘oğru razborkaları’ təşkil ediblər. Bu proseslərdə xaricdə olan kriminal avtoritet Elmuraz Məmmədov da iştirak edib.

Həmçinin müəyyən olunub ki, həmin ‘kriminal avtoritet’ Elmuraz Məmmədov Gürcüstanda onunla əlaqəli şəxslərlə əlaqə saxlayaraq, şəxsi mənfəət əldə etmək və ya kriminal avtoritetin xeyrinə, ‘oğru qaydalarına’ uyğun şəkildə vətəndaşlara müəyyən müddətlərdə öz bizneslərindən böyük məbləğdə pul ödəmək öhdəliyi qoyublar.

Müəyyən edilmiş müddətlərin pozulması halında isə fiziki zorakılıq və ya öldürmə ilə hədələyiblər.

Polis tərəfindən aparılan axtarışlar nəticəsində maddi sübut kimi təqsirləndirilən şəxslərin mobil telefonları və kompüter texnikası götürülüb. Onlar bu vasitələrlə həm bir-biri ilə, həm də xaricdə yaşayan həmin ‘kriminal avtoritet’lə əlaqə saxlayıblar.

Eyni zamanda, yaşayış evlərində aparılan axtarışlar zamanı ‘oğru ümumiliyi’ üçün toplanıldığı ehtimal edilən 62 min dollardan çox pul, təqsirləndirilən şəxslərə məxsus avtomobillər, döyüş sursatı və odlu silahlar da maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima, 223-cü tersia və 223-cü kvarta maddələri ilə aparılır və bu maddələr 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni aktiv rejimdə davam etdirir, o cümlədən ‘oğru dünyası’ ilə əlaqəli şəxslərin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması məqsədilə operativ tədbirlər və istintaq hərəkətləri intensiv şəkildə həyata keçirilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, saxlanılanlar arasında Marneuli bələdiyyəsindən də var.

ŞƏRH YAZ
0