Tbilisidə soyğunçuluq və oğurluqda təqsirləndirilən 5 yeniyetmə saxlanılıb
Bugün
168
Hadisə
A
Tbilisidə soyğunçuluq və oğurluqda təqsirləndirilən 5 yeniyetmə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında törədilmiş soyğunçuluq və oğurluq faktları ilə bağlı 5 yeniyetməni saxlayıblar.

Aktual.ge xəbər verir ki, saxlanılanlardan üçü əvvəllər də məhkum olunub və hazırda şərti cəza çəkir.

İstintaqın versiyasına əsasən, yeniyetmələr əvvəlcədən əlbir olaraq Tbilisidə fəaliyyət göstərən aptek və ərzaq mağazalarından müxtəlif dəyərdə məhsulları qanunsuz yolla ələ keçirib, daha sonra hadisə yerindən qaçıblar.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, saxlanılanlardan biri vətəndaşlara məxsus mopedləri də qanunsuz olaraq mənimsəyib.

Yeniyetmələrin qanunsuz əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə 14 min laridən artıq maddi ziyan dəyib.

İstintaq çərçivəsində aparılan axtarışlar zamanı ticarət obyektlərinin müşahidə kameralarının görüntüləri əldə olunub. İstintaqın məlumatına görə, həmin görüntülər təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiqləyir.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində beş yeniyetmənin hamısı məhkəmə qərarı əsasında saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (soyğunçuluq) maddələri ilə istintaq aparılır. Həmin maddələr 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0