Tbilisidə 15 yaşlı Əli Mehdiyevin bıçaqlanması ilə bağlı yeni detallar
Bugün
622
Kriminal
A
Tbilisidə 15 yaşlı Əli Mehdiyevin bıçaqlanması ilə bağlı yeni detallar

Tbilisinin Vaşlicvari qəsəbəsində 15 yaşlı Əli Mehtiyev ağır bıçaq xəsarətləri alıb. Hadisə ilə bağlı yeniyetmənin ailəsi qonşular arasında yaranan mübahisənin qanlı insidentlə nəticələndiyini bildirib.

Aktual.ge xəbər verir ki, zərərçəkənin anası Sevinc Quliyeva oğlu işdən qayıtdıqdan sonra dostu ilə birlikdə küçəyə çıxarkən təxminən 55 yaşlı qonşusu ona təhqiramiz ifadələr işlədib.

Onun sözlərinə görə, mübahisə zamanı qonşu Əlinin baş nahiyəsinə toqqa ilə zərbə endirib. Bundan sonra tərəflər arasında əlbəyaxa dava başlayıb. Hadisəyə daha sonra həmin şəxsin 26 yaşlı oğlu da qoşulub.

"Oğlum işdən gəlib dostu ilə küçəyə çıxarkən 55 yaşlarında olan qonşumuz ona yaxınlaşaraq təhqiramiz ifadələr işlədib. Bu zaman oğlum ona cavab verib, bundan sonra həmin şəxs oğlumun başına toqqa ilə vurub. Oğlumla həmin şəxs arasında əlbəyaxa dava başlayıb. Bu vaxt kişinin 26 yaşlı oğlu da hadisəyə müdaxilə edib. Atası oğlumu saxladığı zaman Əliyə 5 bıçaq zərbəsi vurub. Oğlum onların əlindən zorla qaçaraq təxminən 400 metr aralıda yerə yıxılıb və 1 litrdən artıq qan itirib. Oğluma bel nahiyəsi, dalaq, ürəyinin alt hissəsi və ayaq nahiyəsindən bıçaq zərbələri vurulub. Hazırda oğlum reanimasiyadadır. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər", - deyə Sevinc Quliyeva bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanları azyaşlının sağlamlığına qəsdən ağır xəsarət yetirməkdə təqsirləndirilən bir nəfəri saxlayıb. Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 13 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0