2015-ci ildə baş vermiş Giorgi Kvaraçxeliyanın qrup halında qəsdən öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Tbilisi prokuroru Giorgi Mikaya Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bu cinayət işi üzrə iki şəxsə ittiham irəli sürüləcək.
"İctimaiyyətə bu cinayət işi üzrə son dövrlərdə aparılmış intensiv istintaq tədbirləri nəticəsində müəyyən edilmiş hallar və faktlar barədə məlumat vermək istəyirik.
Gürcüstan Daxili İşlər Nazirliyində, Gürcüstan Prokurorluğunun nəzarəti altında aparılan istintaq nəticəsində müəyyən edilib ki, David Dekanozidze və Tornike Kaçarava, sonuncunun qardaşı ilə Giorgi Kvaraçxeliya arasında keçmişdə baş vermiş münaqişəyə görə ondan qisas almağı və onu birlikdə öldürməyi planlaşdırıblar.
2015-ci il dekabrın 25-də Tornike Kaçarava qanunsuz əldə etdiyi 7,65 mm, David Dekanozidze isə qanunsuz əldə etdiyi 9 mm çaplı odlu silahlarla silahlanaraq Tbilisidə, Quram Pancikidze küçəsi, 3B ünvanında yerləşən Giorgi Kvaraçxeliyanın yaşadığı binanın qarşısına gəliblər. Təxminən saat 20:36-da, Giorgi Kvaraçxeliya həyətdə olarkən, təqsirləndirilən şəxslər onun istiqamətində çoxsaylı atəş açıblar. Nəticədə Giorgi Kvaraçxeliya baş nahiyəsindən güllə yarası alıb, kəllə sümükləri və beyin zədələnib. Ona tibbi yardım göstərilsə də, xəstəxanada vəfat edib.
Təqsirləndirilən şəxslərdən Tornike Kaçaravaya ittiham cəzaçəkmə müəssisəsində təqdim ediləcək, David Dekanozidzeyə isə qiyabi qaydada Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin ikinci hissəsinin 'e' bəndi (köhnə redaksiya – qrup halında törədilmiş qəsdən adamöldürmə) ilə ittiham irəli sürüləcək. Həmin maddə 17 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
David Dekanozidze barəsində axtarış elan olunacaq.
Daxili İşlər Nazirliyində bu cinayət işi üzrə istintaq davam etdirilir və işlə əlaqəsi ola biləcək digər şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır", - deyə Giorgi Mikaya bildirib.