Gürcüstanda dövlət sirri ilə bağlı qərarların qəbul qaydası dəyişdirildi
Bugün
331
Maraqlı
A
Gürcüstanda dövlət sirri ilə bağlı qərarların qəbul qaydası dəyişdirildi

Gürcüstan hökuməti dövlət sirri təşkil edən hüquqi aktların qəbul edilməsi qaydasını dəyişib.

Aktual.ge xəbər verir ki, bu ilin 6 iyul tarixində imzalanmış qərarda qeyd olunur ki, müəyyən qərarların hökumət iclası keçirilmədən də qəbul edilməsi mümkün olacaq.

Sənəddə bildirilir ki, "Gürcüstan Hökumətinin Reqlamenti"nə dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, müəyyən hallarda dövlət sirri təşkil edən hüquqi akt layihəsi hökumət iclasında müzakirə edilmədən və "Elektron Hökumət" proqramından istifadə olunmadan da təsdiqlənə biləcək.

Qərara əsasən, belə bir qərarın qəbul edilməsi Gürcüstanın Baş nazirinin və ya Hökumət Administrasiyasının rəhbərinin qərarı ilə mümkün olacaq. Bu halda layihə hökumət üzvlərinə razılaşdırılması üçün "yaş imza" (kağız üzərində fiziki imza) formasında göndəriləcək. Layihə yalnız reqlamentdə nəzərdə tutulmuş minimum səs sayı təmin edildiyi təqdirdə qəbul olunmuş hesab ediləcək.

İndiyədək qüvvədə olan qaydalara əsasən, dövlət sirrinə aid məsələlər hökumət tərəfindən qanunvericilikdə müəyyən edilmiş prosedurlar çərçivəsində müzakirə olunurdu.

Hökumətin izahına görə, dəyişiklik "Gürcüstan Hökumətinin Reqlamenti"nin 7-ci maddəsinin 6-cı bəndinə aiddir və dövlət sirri təşkil edən hüquqi aktların qəbul edilməsi üçün alternativ prosedur müəyyən edir.

ŞƏRH YAZ
1