2025-ci ildə Orta Dəhliz üzrə Gürcüstan ərazisindən həyata keçirilən konteyner daşımalarının həcmi 33 %, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımalar isə təxminən altı dəfə artıb.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkmənistan Biznes Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu göstəricilər ölkədə həyata keçirilən infrastrukturun modernləşdirilməsi proqramlarının real nəticələrini əks etdirir.
Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Türkmənistanın Qara dəniz limanları yaxınlığında logistika və anbar imkanlarını genişləndirmək niyyətini alqışlayır.
İrakli Kobaxidze bildirib ki, mövcud limanlarla yanaşı, Anakliya Dərin Dəniz Limanı və onun bazasında yaradılması planlaşdırılan azad sənaye zonası Türkmənistan şirkətlərinin regional bazarlara çıxışı üçün mühüm platformaya çevriləcək.
O vurğulayıb ki, dövlət sabit, proqnozlaşdırılan və rəqabətqabiliyyətli biznes mühiti formalaşdırır, siyasi tərəfdaşlığın konkret iqtisadi nəticələrə çevrilməsində isə əsas rolu özəl sektor oynayır.