Az əvvəl açıqlandı: 121 nəfər saxlanılıb
Bugün
507
Kriminal
A
Az əvvəl açıqlandı: 121 nəfər saxlanılıb

Ölkə üzrə keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində narkotik cinayətləri ittihamı ilə 121 nəfər saxlanılıb, onlardan 59-u narkotik vasitələrin satışı sxemində müxtəlif formalarda iştirak etməkdə şübhəli bilinir.

Aktual.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze brifinqdə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

David Kiknadze bildirib ki, keçirilən axtarışlar nəticəsində xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb. Bunlara metadon, alfa-PVP, kokain, ketamin, buprenorfin, marixuana, çətənə bitkisi və digər narkotik maddələr daxildir.

"Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə üzrə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri çərçivəsində məhkəmə qərarı əsasında bir neçə dəfə narkotik vasitələrin nəzarətli alqı-satqısını təşkil edib, bu proses gizli audio və video çəkilişlə sənədləşdirilib.

Hüquq-mühafizə orqanları, həmçinin, ifşa məqsədilə onların adına göndərilmiş maskalanmış bağlamaları dəyişdirərək saxlanılan şəxsləri ələ keçirib və həmin bağlamalardan xüsusilə külli miqdarda narkotik vasitələri maddi sübut kimi götürüb.

Şübhəlilərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdikləri ünvanlardan satış üçün hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Bundan əlavə, polis narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materialları, elektron tərəziləri və narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitini də müsadirə edib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260³, 260⁴, 261 və 265¹-ci maddələri ilə istintaq aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir" , - bildirilib.

David Kiknadzenin sözlərinə görə, cari ilin ilk altı ayı ərzində narkotik cinayətləri ilə bağlı təxminən 5 min nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 1000-ə yaxını narkotik vasitələrin satışı ilə müxtəlif formalarda məşğul olub. Ötən ilin eyni dövrü ilə müqayisədə narkotik cinayətləri üzrə məsuliyyətə cəlb olunanların sayı 85 faiz artıb.

"Daxili İşlər Nazirliyi narkotik cinayətləri ilə mübarizəni qətiyyətlə davam etdirəcək və narkotik satışı ilə məşğul olan şəxslərə qarşı gələcəkdə də qanunun nəzərdə tutduğu ən sərt tədbirlər görüləcək", – deyə o, vurğulayıb.

ŞƏRH YAZ
1