Telavidə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam edir.
Aktual.ge xəbər verir ki, hazırda Kavkasioni küçəsinin əsas hissəsi daş və çınqıldan təmizlənib.
Həmçinin zədələnmiş körpünün qalıqlarının sökülməsi işləri başa çatdırılıb.
Bərpa işlərinə Kaxeti regionunun bütün səkkiz bələdiyyəsi cəlb olunub. Onlar Telaviyə əlavə canlı qüvvə göndəriblər. İşçilər ağır texnikanın daxil ola bilmədiyi ərazilərdə əl ilə təmizləmə işləri aparırlar.
Təbii fəlakət zonasında elektrik enerjisinin verilişi hələ də bərpa olunmayıb. Təbii qaz təchizatı isə əksər ərazilərdə artıq bərpa edilib.
Xatırladaq ki, güclü leysan yağışları nəticəsində Telavi dərəsi məcrasından çıxaraq daşıb. Nəticədə Kavkasioni küçəsinin və Alazani prospektinin bir hissəsi su altında qalıb. Sel suları dərənin məcrasını yararaq şəhər küçələrinə axıb.