Tbilisi Beynəlxalq Hava Limanının genişləndirilməsi layihəsinə start verildi
13.07.2026 14:28
271
Maraqlı
A
Tbilisi Beynəlxalq Hava Limanının genişləndirilməsi layihəsinə start verildi

Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanının genişləndirilməsi və inkişafını nəzərdə tutan ən iri layihələrdən birinə start verilib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze layihənin təqdimat mərasimində çıxışı zamanı məlumat verib.

Baş nazirin sözlərinə görə, Gürcüstan dövləti ilə TAV Georgia arasında imzalanmış sazişə əsasən, investor layihəyə 150 milyon ABŞ dollarından çox sərmayə yatıracaq. Bu investisiya nəticəsində ölkənin əsas beynəlxalq hava limanının imkanları əhəmiyyətli dərəcədə genişlənəcək.

İrakli Kobaxidze bildirib ki, imzalanmış razılaşmada dövlətin maraqları tam şəkildə qorunub və layihə hökumətin ardıcıl siyasətinin mühüm nəticələrindən biridir.

Onun sözlərinə görə, Tbilisi Beynəlxalq Hava Limanı Gürcüstanın iqtisadi inkişafı, nəqliyyat əlaqələrinin genişlənməsi, turizmin inkişafı və investisiya cəlbediciliyinin artırılması baxımından strateji əhəmiyyət daşıyan infrastruktur obyektidir.

Baş nazir vurğulayıb ki, müasir və səmərəli infrastruktur ölkənin rəqabət qabiliyyətini artırır, yeni iş yerlərinin yaradılmasına şərait yaradır və Gürcüstanın regional və qlobal nəqliyyat sistemində mövqeyini daha da gücləndirir.

İrakli Kobaxidzenin sözlərinə görə, layihə başa çatdıqdan sonra Tbilisi Beynəlxalq Hava Limanının illik sərnişin qəbul etmə qabiliyyəti 10 milyona çatacaq.

Baş nazir əlavə edib ki, hökumətin əsas məqsədi təkcə hava limanının infrastrukturunu genişləndirmək deyil, həm də sərnişinlər üçün müasir, rahat və beynəlxalq standartlara cavab verən xidmət mühiti yaratmaqdır.

ŞƏRH YAZ
3