Baş nazir İrakli Kobaxidze bildirib ki, 2028-ci il parlament seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidə missiyasının dəvət olunmasına dair qərar seçki ilində qəbul ediləcək.
Aktual.ge xəbər verir ki, bunu Baş nazir hökumət administrasiyasında keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 2028-ci il parlament seçkiləri oktyabrın 28-də keçiriləcək və beynəlxalq müşahidə missiyalarının dəvəti ilə bağlı qərar ənənəvi olaraq seçki ilinin əvvəlində verilir.
İ.Kobaxidze bildirib ki, Gürcüstan hökumətinin ATƏT/DTİHB ilə heç bir problemi yoxdur və hökumət 2024-cü il parlament seçkilərindən sonra qurumun dərc etdiyi yekun qiymətləndirməni müsbət qarşılayıb.
"ATƏT/DTİHB ilə kimin münaqişəsi olduğu aydındır. Bu, yerli radikal müxalifət və onların xarici himayədarlarıdır. Biz isə 2024-cü il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin açıqladığı nəticəni alqışladıq", – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, 2024-cü il seçkiləri ATƏT/DTİHB tərəfindən etibarlı və rəqabətli kimi qiymətləndirilsə də, müxalifət və onu dəstəkləyən xarici dairələr həmin hesabatı tənqid edib.