Bu gün Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə baş vermiş dövlət çevrilişinə cəhdin onuncu ildönümü yad edir. On il əvvəl qəhrəman Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək legitim hakimiyyəti hərbi yolla ələ keçirmək cəhdinin qarşısını aldı. Məhz bu qətiyyət və birlik sayəsində Türkiyə ağır sınaqdan uğurla çıxdı və dövlətçiliyini qorudu.
Aktual.ge xatırladır ki, həmin qanlı hadisələrin xatirəsinə təsis edilən 15 İyul – Demokratiya və Milli Birlik Günü türk xalqının Vətənə, dövlətə və demokratiyaya sarsılmaz bağlılığının rəmzidir. Həmin gecə minlərlə insan həyatını təhlükəyə ataraq dövlət çevrilişinin baş tutmasına və ölkənin xaosa, eləcə də mümkün vətəndaş qarşıdurmasına sürüklənməsinə imkan vermədi. Xalqın qətiyyətli müqaviməti nəticəsində hərbi qiyamçılar məqsədlərinə çata bilmədilər.
FETÖ terror təşkilatının törətdiyi dövlət çevrilişinə cəhd Türkiyə xalqının yaddaşında dərin və acı izlər buraxıb. Həmin hadisələr nəticəsində 251 nəfər şəhid olub, 2 196 nəfər isə yaralanıb. Qədirbilən türk xalqı şəhidlərin xatirəsini hər zaman ehtiramla yad edir. Uzun illər dövlət strukturlarında paralel şəbəkə kimi fəaliyyət göstərən FETÖ üzvlərinin dövlət institutlarından təmizlənməsi istiqamətində həyata keçirilən tədbirlər təşkilata ağır zərbə vurub.
Bu gün 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyədə, eləcə də ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin təşkilatçılığı ilə çoxsaylı anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad edilir və onlar üçün dualar oxunur.
Qeyd edək ki, Gürcüstan da hadisələrin ilk anlarından etibarən Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı dərin narahatlığını ifadə etmiş və qardaş Türkiyə xalqına dəstəyini bəyan etmişdi. Həmin dövrün Baş naziri Giorgi Kvirikaşvili 19 iyul tarixində altı nazirlə birlikdə Türkiyəyə rəsmi səfər etmişdi. Uğursuz çevriliş cəhdindən cəmi bir neçə gün sonra baş tutan bu səfər iki ölkə arasındakı dostluğun və strateji tərəfdaşlığın, eləcə də Gürcüstanın Türkiyədə demokratiyaya və demokratik yolla seçilmiş hakimiyyətə verdiyi dəstəyin bariz nümunəsi kimi qiymətləndirilmişdi.
Giorgi Kvirikaşvili səfər zamanı Gürcüstan hökuməti və dövləti adından 15 iyul gecəsi Türkiyədə baş verən hadisələri yaxından izlədiklərini, dövlət çevrilişinə cəhdin uğursuzluqla nəticələnməsini məmnunluqla qarşıladıqlarını bildirmiş, baş verənləri qətiyyətlə pislədiklərini vurğulamışdı.



