Yurtdışı Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) təşkilatçılığı ilə İstanbuldakı İbn Haldun Universitetində dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və YTB-nin təqaüd proqramı çərçivəsində təhsil alan gənclər bir araya gəlib.
Aktual.ge xəbər verir ki, beş gün davam edəcək "Media/Jurnalistika və süni intellektlə film istehsalı" təlim proqramının ilk günündə iştirakçılar üçün media savadlılığı, süni intellekt vasitəsilə məzmun istehsalı və prodüserlik mövzularında təlimlər keçirilib.
Təlim proqramının ilk günündə Türkiyənin tanınmış jurnalistlərindən biri olan İbrahim Qığılı çıxış edərək iştirakçılarla media sahəsindəki təcrübəsini bölüşüb. Daha sonra Fokus Plus media qrupunun nümayəndələri tərəfindən media savadlılığı, məzmun istehsalı və süni intellektin media sahəsində tətbiqinə dair təlimlər keçirilib.
Bununla yanaşı, süni intellekt vasitəsilə film istehsalı mövzusunda Türkiyədən olan mütəxəssislər Halis Battal və Ahmet Tarıl Bilge iştirakçılar üçün praktiki təlimlər keçiblər. Təlim proqramının ilk günü Fokus Plus media qrupunun Yayım Koordinatoru Tarık Kavrazın beynəlxalq jurnalistikanın müasir çağırışları və qlobal media mühiti ilə bağlı təqdimatı ilə yekunlaşıb.
Qeyd edək ki, təlim proqramları 17 iyul tarixində başa çatacaq.
