İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı ABŞ-nin İordaniya ərazisində yerləşən hava və raket hücumundan müdafiə obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Aktual.ge xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi açıqlamasında bildirilib.
"İran hərbçiləri ərazilərinə qarşı dəfələrlə edilən hücum aktlarına cavab olaraq ABŞ bazalarına endirilən ildırımsürətli zərbələrlə ABŞ-nin THAAD raket hücumundan müdafiə sisteminin radarını məhv ediblər", - deyə açıqlamada qeyd olunub.
Həmçinin, Korpus tərəfindən "Patriot" zenit-raket kompleksinin (ZRK) və C-RAM taktiki hava hücumundan müdafiə radarının sıradan çıxarıldığı bildirilib. Bundan əlavə, yanacaq anbarları, helikopterlərə texniki baxış məntəqəsi və helikopter avadanlıqları anbarı da hədəf alınıb.
Bir gün əvvəl SEPAH ABŞ-nin İordaniyadakı hərbi obyektlərinə - "Şahzadə Həsən" və "Kral Feysəl" aviabazalarına da hücum etdiyi barədə məlumat verib. ABŞ hərbçilərinin "F-15" qırıcılarının, dronların və helikopterlərin tapşırıqlara hazırlandığı anqarlara zərbə endirildiyi, ən azı səkkiz "MQ-9" PUA-sının məhv edildiyi və iki helikopterə ziyan vurulduğu bildirilib.
SEPAH-ın məlumatına görə, hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb və yaralanıb, texnikaya ciddi ziyan dəyib. Regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu bildirilib.