Gürcüstandan Kərbəlaya
Bugün
52
Din
A
Gürcüstandan Kərbəlaya "Ərbəin" ziyarəti başladı | Yüzlərlə zəvvar sevinclə yola düşdü - VİDEO

Marneuli Mərkəzi Həzrəti İmam Əli əleyhissalam Məscidinin təşkilatçılığı ilə 100-ə yaxın zəvvar 25 iyul günorta saatlarında İraqın Kərbəla şəhərinə doğru İslam Peyğəmbərinin əziz nəvəsi İmam Hüseynin (ə) 40 mərasimi münasibətilə keçirilən “Ərbəin” ziyarəti məqsədilə yola düşüb.

İki avtobusdan ibarət zəvvar qruplarından biri qadınlardan, digəri isə kişilərdən ibarət olub. Ziyarətgah torpaqlarına üz tutan zəvvarlar arasında gənclər üstünlük təşkil etsə də, ağsaqqal və ağbirçək zəvvarların da sayı az olmayıb.

Səfərdən öncə açıqlama verən qrup təşkilatçısı, imamcümə Hacı Hacıyev zəvvarların "Ərbəin" ziyarətindən avqust ayının 10-da geri qayıdacaqlarını bildirib.

Kərbəlaya yola düşən zəvvarlar böyük sevinc yaşadıqlarını bildirib və təəssüratlarını kameralar qarşısında bölüşüblər.

Qeyd edək ki, eyni vaxtda Gürcüstan Əhli-Beyt Cəmiyyətinin 114 nəfərdən ibarət zəvvar qrupu da iki avtobusla Kərbəlaya yola düşüb. Səfərdən əvvəl ilahiyyatçı Elçin Daşdanov zəvvarlara səfər zamanı riayət edilməli mənəvi və əxlaqi prinsipləri xatırladıb, tövsiyələrini verib, həmçinin “Ərbəin” ziyarətinin mahiyyəti və əhəmiyyəti barədə danışıb.

Bundan əlavə, Qardabani Marağa Məscidi və Soğanlıq Əhlibeyt Məscidi, həmçinin Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ayrı ayrılqıda yüzlərlə zəvvar bu günlərdə Gürcüstandan İraqın Kərbəla şəhərinə səfər edib.

Məlumat üçün bildirək ki, Ərbəin İmam Hüseynin şəhadətindən qırx gün keçdiyini qeyd edən İslam dünyasının ən böyük piyada yürüşüdür. Hər il milyonlarla zəvvar Nəcəfdən Kərbəlaya qədər olan 80 km-lik yolu piyada qət edərək İmam Hüseynin hərəmini ziyarət edir, könüllülər isə onlara yolboyu xidmət göstərirlər. 2025-ci ilin rəsmi statistikasına görə, Ərbəinində ümumilikdə 21 milyon 103 min 524 nəfər iştirak edib.

Daha ətraflı Natela Əlləzovanın hazırladığı video süjeti təqdim edirik:

ŞƏRH YAZ
0