Asiya İnkişaf Bankı (ADB) Gürcüstanda strateji əhəmiyyət daşıyan Tbilisi dolama yolunun tikintisini dəstəkləmək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Aktual.ge xəbər verir ki, bu barədə ADB məlumat yayıb.
Məlumata görə, layihə Şərq–Qərb avtomobil magistralının mühüm hissəsi hesab olunan Tbilisi dolama yolunun 18,9 kilometrlik dördzolaqlı hissəsinin tikintisini nəzərdə tutur. Layihənin həyata keçirilməsi paytaxt ətrafında nəqliyyat axınının istiqamətləndirilməsinə, Tbilisidə tıxacların azalmasına, həm sərnişin, həm də yük daşımalarının daha səmərəli təşkilinə imkan verəcək.
ADB-in ayırdığı vəsait Tbilisi Hava Limanı–Loçini (Lot 4) və Loçini–Rustavi (Lot 5) hissələrinin tikintisinə, həmçinin giriş və xidmət yollarının salınmasına yönəldiləcək.
ADB-in Gürcüstandakı rezident nümayəndəsi Lesli Birman Lam bildirib ki, Gürcüstanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi onu regional nəqliyyat mərkəzinə çevirmək üçün böyük potensial yaradır.
Onun sözlərinə görə, Tbilisi dolama yolu nəqliyyat sıxlığını azaltmaqla yanaşı, yükdaşımaların səmərəliliyini artıracaq və ölkənin logistika imkanlarını gücləndirəcək.
Bildirilib ki, layihə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) ikinci nəqliyyat dəhlizi üzrə yükdaşımaların səmərəliliyini artıracaq və Gürcüstanın regional və qlobal bazarlara inteqrasiyasını daha da gücləndirəcək.
Qeyd edək ki, bu kredit ADB-in Gürcüstanda Şərq–Qərb magistralı, Kobuleti və Batumi dolama yolları, Kveşeti–Kobi magistralı, Batumi–Sarpi avtomobil yolu və digər iri infrastruktur layihələrinə ayırdığı 2,3 milyard ABŞ dollarından artıq maliyyə dəstəyinin tərkib hissəsidir.
ADB 2007-ci ildən Gürcüstanla əməkdaşlıq edir. Bu müddət ərzində ölkəyə kreditlər, qrantlar və texniki yardım daxil olmaqla təxminən 6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərib. Bankın Gürcüstan üzrə beşillik strategiyası ölkənin yaşıl, inklüziv və regional nəqliyyat qovşağına çevrilməsini, iqlimə davamlı infrastrukturun inkişafını və regional inteqrasiyanın gücləndirilməsini hədəfləyir.